Azərbaycan milli komandası martın 24-də növbəti oyununu keçirəcək. Corner.az-ın məlumatına görə, yığmamız Avstriya ilə görüşdə qüvvəsini sınayacaq.
Linzdəki AVRO-2024-ün seçmə mərhələ matçı komandamızın tarixində 287-ci sınağı olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan millimiz indiyədək 286 oyuna çıxıb.
Bu müddətdə 56 qələbəsi olan yığmamız 57-ci uğur üçün mübarizə aparacaq. Komandamız indiyədək 76 heç-heçə edib və 154 dəfə uduzub. Əvvəlki 286 qarşılaşmada 217 qol vuran futbolçularımız 470 top buraxıb.
“Raiffeisen Arena”dakı görüş baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 31-ci sınaq olacaq. İtaliyalı mütəxəssis indiyədək yığmanı 30 matça çıxarıb. Bu oyunlarda 7 qələbə və 7 heç-heçəsi olan millimiz 16 dəfə uduzub. 25 qol vuran komanda 38 top buraxıb.
Bu, italiyalı ilə rəsmi xarakterli 21-ci sınaq olacaq. Hesabında 4 qələbə, 5 heç-heçə və 11 məğlubiyyəti olan yığmamız 14 qol vurub, 26-nı buraxıb.
Avstriya ilə duel rəsmi turnirlərdə 153-cü matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 152 oyuna çıxan komanda indiyədək 19 qələbə qazanıb, 32 heç-heçə edib, 101 dəfə isə uduzub. Rəqib qapılarına 91 qol vuran futbolçularımız 301 top buraxıb.
Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.