- Milli komanda
- 14:00 14.11.2024
“Azərbaycanla macəramı başa vurdum. İndi yeni layihəyə başlamaq lazımdı”.
90deqiqe.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına müsahibəsində deyib.
67 yaşlı mütəxəssis yığmamızda olduğu müddətdə uğurlu iş gördüyünü düşünür: “Üç il ərzində Azərbaycan futboluna çox şey verdim. Avropa çempionatının seçmə mərhələsində 5 komandadan ibarət qrupda 7 xal topladıq. Yüksək səviyyəli komandalarla bərabər gücdə oynadıq.
Belçika ilə ilk görüşdə bir epizoda görə məğlub olduq. Avstriyaya qarşı da heç-heçəyə layiq idik. İsveç üzərində qələbə isə tarixdə qalacaq. 3:0 hesabı ilə qalib gələcəyimizi heç gözləmirdim. Orada olduğum vaxt ardıcıl 5 qələbə qazandıq. İndiyə qədər belə bir hal olmamışdı”.
İtaliyalı məşqçi öz fəaliyyətini yüksək qiymətləndirib: “Futbolu resurslar az olduğu zaman da oynamağın mümkünlüyünü sübut etdim. Azərbaycan kimi millini çalışdırmaq dildən başlayaraq çox səbəblərə görə asan deyil. Orada xüsusi mühit yaşadım. Əlimdə olan materialla daha çoxunu etdim. Son bir ildə əla iş gördüm. Ancaq onlara qalmaq istəmədiyimi bildirdim. Komanda diqqətəlayiq artım nümayiş etdirdi və Azərbaycan üçün tarixi nəticələr qazandı”.
Qeyd edək ki, Canni de Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib.