- Milli komanda
- 14:00 14.11.2024
“Vətənimdə çalışacağım üçün çox xoşbəxtəm. Türkiyə və Litvada kifayət qədər təcrübə toplamışam. Azərbaycan millisinin uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm”.
90deqiqe.Az xəbər verir ki, bu sözləri çimərlik futbolu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Sahib Məmmədov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis Bakıda çimərlik futbolunun inkişafı üçün hər cür şəraitin olduğunu sözlərinə əlavə edib: “Bakıda çox gözəl çimərlik futbolu meydançası var. Su İdmanı Sarayında yaradılan şərait dünyanın heç bir yerində yoxdur. Hava şəraiti də burada hazırlıq keçməyə imkan verir. Təkcə yayda yox, qışda da məşq etmək mümkündür. Çimərlik futbolunun inkişafı üçün ölkə çempionatı keçirilsə, çox yaxşı olar. Belədə milliyə seçim imkanı da geniş olar. Bundan əlavə, beynəlxalq turnirlərə qatılmaq futbolçuların təcrübəsini artırar. Nə qədər çox oyun olsa, inkişaf bir o qədər sürətli gedər”.
S.Məmmədov milli ilə bağlı gələcək planlarını və hədəflərini də açıqlayıb: “Avqustun 1-də məşqlərə başlayacağıq. 12 oyunçuya dəvət göndərmişəm. Onların hamısının kifayət qədər təcrübəsi var. Bu heyətlə iki il davam etmək olar. Ancaq məqsədim bir il ərzində ən azı 5-6 gənc oyunçu yetişdirib milliyə cəlb etməkdir. Oktyabrda İspaniyada dünya çempionatının seçmə mərhələsi keçiriləcək. Hədəfimiz mundialın final mərhələsinə vəsiqə qazanmaq olacaq. Çimərlik futbolu üzrə millimiz indiyə qədər heç vaxt dünya çempionatında iştirak etməyib. İki ildən bir seçmə mərhələ keçirilir. Vaxtımız az olsa da, bu tarixi yazmaq üçün əlimizdən gələni edəcəyik. Gələn il isə Avropanın B Divizionunda mübarizə aparacağıq. Yenidən A Divizionuna qayıtmaq istəyirik”.
Qeyd edək ki, 2008-2014-cü illərdə çimərlik futbolu üzrə Azərbaycan millisinin formasını geyinmiş Sahib Məmmədov 2018-ci ildə karyerasını başa vurub. 2016-cı ildən Litvada yaşayan mütəxəssis 2019-cu ildə həmin ölkənin yığmasına baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən il Avropanın B Divizionunun qalibi olaraq tarixində ilk dəfə A Liqasına yüksəlib.