- Milli komanda
- 19:00 02.12.2025
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığması ilə qarşılaşacaq.
90deqiqe.Az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Fernandu Santuş bu matç öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Portuqaliyalı mütəxəssis seçmə mərhələ oyunlarının çətin olduğunu vurğulayıb: “Buraya yaxşı nəticə üçün gəlmişik. Rəqib öz meydanında uduzmaq istəməyəcək. Biz isə buradan xalla qayıtmağa çalışacağıq. Heç də zəif komanda deyil. Yerli publika komandaya kifayət qədər dəstək verir. Hazırkı heyətinə baxsaq, oyunçuların əksəriyyəti xaricdə güclü liqalarda çıxış edir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik”.
Baş məşqçi həmçinin komandanın hava şəraitinə uyğunlaşması üçün oyundan iki gün əvvəl İslandiyaya gəldiklərini bildirib: “Vaxtımız var və oyuna tam hazır olmağa çalışacağıq. Yağışın bizə təsir edəcəyini düşünmürəm”.
Santuş sabahkı oyunda kapitan sarğısını Emin Mahmudovun daşıyacağını da açıqlayıb. O, həm İslandiya, həm də qrupdakı digər rəqib Ukrayna ilə oyunlarda qələbə qazanmaq istədiklərini qeyd edib: “Əsas danışmaq deyil, bunu meydanda göstərməkdir. Hər bir futbolçumuz Azərbaycan xalqını sevindirmək istəyir”.
Baş məşqçi əhvali-ruhiyyənin komandada yaxşı olduğunu bildirib: “Son oyunda ağır məğlubiyyət almışdıq, amma keçmişdə qalıb. Gələcəyə baxmalıyıq. Biz yalnız tarix yazmaq istəyirik və futbolçularım bunu yaxşı anlayır. İstədiyimiz nəticələri əldə etmək üçün əlimizdən gələni edəcəyik. Möcüzəyə inanmıram, çünki möcüzəni insan gerçəkləşdirir. Dörd komandalı qrupa düşmüşük və bacardığımız qədər çox xal toplamaq istəyirik”.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.