5 dekabr 2025. Cümə

“Futbolçuların oyunu ümidvericidir”


“Futbolçuların oyunu ümidvericidir”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında çıxış edib.

90deqiqe.Az-ın məlumatına görə, Abbasov futbolçuların oyununu yüksək qiymətləndirib və qazandıqları xalı yığmaya əlavə güc verəcəyini bildirib:

“İnşallah, yaxşı çıxışlarımız çox olar. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Meydanda gücümüzü göstərməyə çalışdıq. Çoxdandır yığmada ruh düşkünlüyü var idi. Bəlkə də, futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarımızda dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnşallah, qazandığımız bu xal yığmaya əlavə güc verəcək”.

Baş məşqçi bildirib ki, komandada 1 gün ərzində müəyyən dəyişikliklər edə biliblər:

“Vaxtımız hədsiz az idi. 1 gün ərzində nə etmək olardısa, onu etdik. Çalışdıq ki, yığmanın psixoloji durumunu qaldıraq. Rəqibi təhlil etmək üçün də vaxtımız məhdud idi. Çalışırdıq ki, rəqibin hücumlarının qarşısını alaq”.

Abbasov həmçinin yığmanı Ukrayna oyununa hazırlama prosesindən danışıb:

“Qısa müddət ərzində yığmaya müvəqqəti baş məşqçi təyin oldum. Bu müddətə qədər sırf öz işimlə məşğul idim və U-21-i Avropa çempionatının seçmə mərhələsinə hazırlayırdım. Ani qərardan sonra “Dağla Arena”da futbolçuların məşqinə qatıldım və onların necə dağınıq olduğunun şahidi oldum. İslandiyaya 0:5 hesablı məğlubiyyəti unutdurmağa çalışırdıq. Bundan sonra təcrübəli futbolçularla danışıq apardıq”.

Baş məşqçi AFFA ilə danışıqlarına da toxunub:

“1 gün içərisində kənardan məşqçi gətirmək doğru olmazdı. Biz də yığmanın məşqçiləri olaraq çətin vəziyyətdə millimizə kömək etməyə çalışırıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan – Ukrayna oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu