Millimizin kapitanı Maksim Medvedev Avro-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya ilə heç-heçədən (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Corner.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə görüş haqda danışıb.
- Uelslə oyundan sonra dərk edirdik ki, pis alınmadı, qaçırdıq, mübarizə aparırdıq. Demək olar ki, Uelsə futbol oynamağa imkan vermədik. Özümüzə güvəndik. Baxmayaraq ki, 1:2 hesabı ilə uduzduq, amma bizdə güvən var idi. Bu oyunda bunu göstərdik. Uzun yoldan sonra yorğun olacağımız bəlli idi. Komanda üzvləri ilə söhbət etdik. Düzdür, xorvatlar da yol gəliblər, amma biz daha uzun məsafədən qayıdırdıq. Oyuna yaxşı başlamadıq. İkinci hissədə gözəl futbol oynadıq. Hətta epizodlar oldu ki, Xorvatiyanı qapısına sıxdıq. İnam yarandı ki, ikinci topu da vuracağıq. Buna vaxt çatmadı. - Nikola Yurçeviç bu oyuna sizi fərqli hazırlamışdı?
- Xorvatiya top komandadır. Bilirdik ki, ağır oyun olacaq. Məşqçimiz son vaxtlar fərqli taktika seçir. Çalışırıq ki, hər yerdə çoxluq yaradaq. Uelslə oyunda gördük ki, bunu bacarırıq. Baxmayaraq ki, onlarda Qaret Beyl, Deniel Ceyms kimi ulduzlar var. Xorvatların da ulduz oyunçuları var. Bu gün də eyni oynadıq və bizdə uğurlu alındı. - Yığma Uelsə məğlubiyyət və Xorvatiya ilə heç-heçəyə görə mükafat alacaq?
- Rəhbərlik həmişə istəyib ki, bizə yaxşı baxsın. İnşallah, mükafat olacaq. Futbolçular da bunu gözləyir. Nə vaxt veriləcəyi bəlli deyil. - Seçmə mərhələnin növbəti oyunlarından nə gözləmək olar?
- Xorvatiyadan bir xal almaq bizim üçün stimuldur. Uels də Bakıya gələcək. Onlarla da bu səviyyədə futbol nümayiş etdirmək istəyirik. Macarıstanla səfər matçımız da olacaq. Yaxşı və kompakt oynamağa çalışacağıq. Belə rəqiblərlə açıq futbol mümkün deyil. Açılan kimi özünüz də görürsünüz ki, hesablar 1:3, 1:5 olur. Bu gün fərqli taktika seçirik ki, daha da kompakt oynayaq. - Bəhlul Mustafazadə və Anton Krivotsyukun oyunu necə alındı?
- Elə vəziyyət idi ki, bu gün millidə oynamağa ən layiq onlar idi. Baxmayaraq ki, hamı səhv edir. Görünürdü ki, komanda vuruşur. Nəticə üçün hər şey etdilər. Onlara da təşəkkr edirəm. Hər ikisi gənc futbolçudur. Bəhlul Mustafazadə də çalışdı, vuruşdu, söz ola bilməz. Onlara dəstək olmalıyıq ki, gələcəkdə daha çox fayda versinlər.(qol)