- Milli komanda
- 19:00 02.12.2025
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək matç öncəsi mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis görüşün çətin keçəcəyini desə də, komandasının mübarizə əzminə güvəndiyini bildirib:
“Evdə son oyunumuzu keçirəcəyik. Fransa qrupun lideridir. Səfər matçı bizim üçün ağır oldu. Amma ilk görüşdə 70 dəqiqə yaxşı oyun sərgiləmişdik. Heyətdə dəyişikliklər ola bilər. Futbolçuların yaxşı mübarizə aparacağına inanıram”.
Abbasov zədəli futbolçuların vəziyyətinə görə müəyyən çətinliklərlə üzləşdiklərini də vurğulayıb:
“Sol cinah müdafiəçilərinin zədələri bizi çətin duruma saldı. Amma gənc futbolçularımız Rüfət və Xəyal əvvəlki matçlarda verilən şansı yaxşı dəyərləndirmişdilər. Heyətdə dəyişiklik ola bilər, axşam yekun qərarı verəcəyik”.
Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da start götürəcək.