- Milli komanda
- 15:22 16.03.2026
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisi Rui Jorge ictimaiyyətə təqdim olunub.
90deqiqe.Az-ın məlumatına görə, bu münasibətlə keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssisin təyinatı ilə bağlı bir sıra məqamlar açıqlanıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, yeni baş məşqçinin köməkçiləri arasında iki portuqaliyalı mütəxəssis olacaq.
Onun sözlərinə görə, məşqçilər korpusunda yerli məşqçi də fəaliyyət göstərəcək:
“Hazırda bu barədə ətraflı məlumat verə bilmirik. Yaxın vaxtlarda həmin məşqçinin kimliyi açıqlanacaq”.
Qeyd edək ki, Rui Jorge məşqçilik fəaliyyətinə futbolçu karyerasını başa vurduğu Belenenseş klubunda başlayıb. O, 2006–2010-cu illərdə klubun 19 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edib. 2008/2009 mövsümündə isə qısa müddət əsas komandanın baş məşqçisi kimi çalışıb.
2010-cu ildə Rui Jorge Portuqaliya U-21 milli komandasının baş məşqçisi təyin olunub və 15 il bu komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda beş dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib və iki dəfə – 2015 və 2021-ci illərdə gümüş medal qazanıb.
Həmin dövrdə portuqaliyalı mütəxəssis Portuqaliya Olimpiya milli komandasını da çalışdırıb.