- Milli komanda
- 15:22 16.03.2026
“İnanırıq ki, Rui Jorge öz təcrübəsini futbolçulara ötürə biləcək və ölkəmizin ev sahibliyi edəcəyi dünya çempionatında uğurlu çıxışla yadda qalacaq”.
90deqiqe.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorge ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, portuqaliyalı mütəxəssisin qarşısına qoyulan əsas məqsəd dünya çempionatının qrup mərhələsində uğurlu nəticə əldə etməkdir.
“Dünya çempionatının qrup mərhələsində uğurlu nəticə əsas hədəfimizdir. Ən azından futbolçular layiqli mübarizə aparsınlar. Hazırda əsas məqsəd ölkəmizdə keçiriləcək mundialla bağlıdır”, – deyə o qeyd edib.
Sərxan Hacıyev əlavə edib ki, 2027-ci ildə Azərbaycan və Özbəkistan birlikdə 20 yaşadək futbolçular arasında Dünya Çempionatı 2027-nə ev sahibliyi edəcəklər.
Onun sözlərinə görə, böyük turnirlə bağlı artıq müəyyən təşkilati işlər görülüb və milli komandanın hazırlığı bu yarışa yönəldilib.
AFFA rəsmisi Rui Jorgenin təcrübəsinin komandaya müsbət təsir edəcəyinə inandıqlarını bildirib:
“Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya milli futbol komandasının heyətində 45 oyun keçirib. Təxminən 15 il Portuqaliya U-21 milli futbol komandasının baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsi bizim futbolçulara müsbət təsir göstərəcək və komandamız dünya çempionatında uğurlu çıxış edəcək”.