- Milli komanda
- 15:22 16.03.2026
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisi Rui Jorge uğur qazanmaq üçün zamana ehtiyac olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu barədə mətbuat konfransında danışıb. O qeyd edib ki, milli komandanın inkişafı üçün futbolçular fərdi şəkildə də üzərlərində işləməlidirlər.
“Yaxşı nəticələr birdən-birə əldə olunmur. Bunun üçün vaxt lazımdır. Futbolçular daha çox çalışmalı və mübariz olmalıdırlar. Mən yaxşı anlayıram ki, burada çıxış edən oyunçular Portuqaliya milli futbol komandasının futbolçuları deyil. Səviyyə fərqi hamıya məlumdur”, – deyə o bildirib.
Rui Jorge müqavilə imzalamazdan əvvəl Azərbaycanın əsas milli komandasının sabiq baş məşqçisi Fernando Santos ilə də fikir mübadiləsi apardığını qeyd edib.
Onun sözlərinə görə, Fernando Santos və köməkçiləri Azərbaycan haqqında müsbət fikirlər səsləndiriblər.
“Azərbaycan xalqının qonaqpərvərliyi barədə çox xoş sözlər eşitmişdim. Bakıya gəldikdən sonra bunun həqiqətən doğru olduğunu gördüm. Ondan futbol deyil, əsasən ölkə haqqında məlumat aldım”, – deyə baş məşqçi bildirib.
Portuqaliyalı mütəxəssis əsas məqsədin U-20 millisinin inkişafı və gələcək uğurlara nail olmaq olduğunu vurğulayıb:
“Uğur qazanmaq üçün daim çalışmaq lazımdır. Futbolçular üzərlərində işləməlidirlər ki, yüksək səviyyədə çıxış etsinlər. Biz vaxtilə Portuqaliya U-20 milli futbol komandası ilə uğur qazandığımız zaman komanda reytinqdə 19-cu pillədə idi. Daha sonra Avropa zonasında üçüncü yerə yüksəlmişdik. Burada da əsas məqsədimiz buna nail olmaqdır”.
Qeyd edək ki, Rui Jorge ilə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.