- Milli komanda
- 23:54 30.03.2026
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series – 2026” beynəlxalq turnirinin finalında Syerra Leone yığması ilə keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, Abbasov penaltilər seriyasının azarkeşlər üçün maraqlı alındığını vurğulayıb və turnirin qalibi olduqları üçün sevindiklərini bildirib.
“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. İkinci oyunun ilk matçdan fərqli olacağını bilirdik. Birinci hissədə hücumda istədiyimiz kimi aqressiv ola bilmədik. İkinci hissəyə əvəzləmələrlə başladıq. Fasilədən sonra futbolçuların istəyi daha da artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Turnirin qalibi olduğumuz üçün sevinirik. Ancaq oyun göstərdi ki, rəqib güclü olduqca biz də artırmalıyıq. Yayda təşkil olunacaq təlim-məşq toplanışını da faydalı keçirərək Millətlər Liqasına hazır olmağa çalışacağıq”.
Qeyd edək ki, Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan millisi 9:8 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Xatırladaq ki, Azərbaycan millisi turnirdə ilk oyununda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.