- Milli komanda
- 20:51 04.06.2026
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Malta və San Marino yığmaları ilə keçiriləcək yoldaşlıq görüşlərindən əvvəl təşkil edilən mətbuat konfransında komandanın hazırlıq prosesi barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis Millətlər Liqası başlamazdan əvvəl keçirilən son təlim-məşq toplanışında futbolçuların yüksək motivasiya və istək nümayiş etdirməsinin sevindirici hal olduğunu bildirib.
“Çempionatın ağır mövsümündən sonra futbolçuların bu qədər istəkli və motivasiyalı olması bizi sevindirir. Malta və San Marino ilə iki yoldaşlıq görüşümüz var. Bu oyunlarda bütün futbolçuları iş başında görmək istəyirik. Həm yaxşı oyun, həm də yaxşı nəticə arzulayırıq”, – deyə Abbasov qeyd edib.
Baş məşqçi Bakı və Avstriyadakı hazırlıq prosesinin komandaya müsbət təsir etdiyini vurğulayıb: “Futbolçularımızın istəyi bizə əlavə inam verir. Yoldaşlıq görüşləri olsa da, hər iki oyunda qələbə qazanmaq istəyirik”.
Ayxan Abbasov rəqiblərlə bağlı planlardan da danışaraq ilkin mərhələdə oyunların Avstriya və ətraf bölgələrdə keçirilməsinin nəzərdə tutulduğunu, lakin bəzi təkliflərin qəbul olunmaması səbəbindən Malta və San Marino ilə görüşlərin təşkil olunduğunu bildirib.
O, Millətlər Liqasındakı rəqiblərin də nəzərə alındığını vurğulayıb: “Malta son illərdə inkişaf edən komandadır. Slovakiya ilə son oyunda da bunu göstərdilər. Həm rəqiblərə uyğunlaşmalı, həm də öz gücümüzü sınamalıyıq”.
Baş məşqçi Malta ilə əvvəlki oyunlarda arzuolunan nəticələrin qeydə alınmadığını xatırladaraq bu dəfə qələbə qazanmaq istədiklərini bildirib.
San Marino ilə matçda isə geniş rotasiya planlaşdırıldığını deyən Abbasov bu görüşün bütün futbolçulara şans vermək baxımından önəmli olacağını vurğulayıb.
Elvin Cəfərquliyevin vəziyyətinə də toxunan baş məşqçi futbolçu ilə bağlı müzakirələrin aparıldığını bildirib və onun yaxın vaxtlarda yeni klub tapacağına ümid etdiyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino ilə Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.