- Milli komanda
- 20:51 04.06.2026
Azərbaycan millisinin qapıçısı Emil Balayev Malta ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında milli komandaya dönüşü və düşərgədəki ab-hava barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli qolkiper uzun fasilədən sonra yenidən yığmaya dəvət olunmağın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Mənə yenidən milli komandaya dəvət olunduğum üçün etimad göstərən hər kəsə təşəkkür edirəm. Təxminən üç ildən sonra yenidən yığmada olmaq mənim üçün böyük sevincdir. Bu müddətdə zədələrim oldu, lakin yenidən komandanın düşərgəsində olmaqdan məmnunam”.
Balayev hazırkı hazırlıq prosesində komandadaxili atmosferin yüksək səviyyədə olduğunu vurğulayıb:
“Bir neçə gün Bakıda məşq etdikdən sonra artıq dörd gündür Maltadayıq. Komandada ailə atmosferi var. Bizi maraqlı oyun gözləyir və bunu meydanda göstərməyə çalışacağıq”.
Qapıçı milli komandada mövqelər arasında rəqabətə də toxunub. O, xüsusilə Şahruddin Məhəmmədəliyevlə münasibətlərindən danışıb:
“Şahruddinlə rəqabətimiz hər zaman xüsusi olub. Karyeram ərzində bir çox qapıçı ilə rəqabət aparmışam, amma onunla münasibətimiz fərqlidir. Həm klubda, həm milli komandada sağlam və dostcasına rəqabət aparmışıq. Buna görə onunla yenidən bir komandada olmaq xoşdur”.
Balayev həmçinin Rza Cəfərov barədə də fikirlərini bölüşüb və gənc qolkiperin gələcəyinə inandığını qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda Malta yığması ilə Bakı vaxtı ilə saat 22:00-da qarşılaşacaq.