- Milli komanda
- 22:47 06.06.2026
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rəşad Eyubov Bəhreyn yığması üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.
90deqiqe.Az AFFA-ya istinadən xəbər verir ki, mütəxəssis Türkiyənin İsparta şəhərində keçirilən yoldaşlıq görüşündən sonra komandanın çıxışı ilə bağlı fikirlərini bölüşüb.
“Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir”, – deyə baş məşqçi bildirib.
Rəşad Eyubov həmçinin Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmasını xüsusi qeyd edib:
“Onların ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir”.
Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışında olan U-21 millisi növbəti yoldaşlıq görüşünü iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçirəcək.