- Milli komanda
- 14:00 14.11.2024
Bu gün futbol üzrə milli komandamız səfərə çıxır. Sabah Bəhreyndə bu ölkənin yığması ilə sınaq matçı keçiriləcək.
Macarıstanla seçmə mərhələ matçı öncəsi Asiyaya səfər qəbulolunan deyil. Çünki sınaq matçından cəmi 3 gün sonra rəsmi oyun reallaşacaq. Ardıcıl matçlarda həmişə əziyyət çəkən futbolçularımızın bu yorğunluğa tab gətirməyəcəyi aydındır. Bakıdan Bəhreynə, oradan isə Macarıstana uzun, yorucu səfərin fəsadları mütləq hiss ediləcək. Bura yerli mühitə uyğunlaşmaq problemini də əlavə etməliyik.
AFFA rəsmiləri bundan əvvəlki açıqlamalarında yoldaşlıq matçına çıxmağa məcbur olduqlarını demişdi. FIFA-nın tələbi var və bütün komandalar millilər üçün nəzərdə tutulan pəncərələrdə iş başında olmalıdır. Bizim oktyabrda cüt oyunumuz olmadığından seçmə oyunadək yoxlama görüşünə çıxmalıyıq.
AFFA rəhbərliyi məsuliyyətsizlik edib və vaxtında milli komandaya rəqib axtarmayıb. Ona görə də oktyabrın 9-da nə evdə oyun keçiririk, nə də rəqibimizin qonşuluğunda olan hansısa millilərlə görüşürük. İş səriştəsiz görüldüyündən, indi qitələri gəzməyə məcburuq və bu, macarlarla matçın nəticəsinə ciddi təsir edəcək. Amma deyəsən, bizimkiləri yığmanın nəticələrindən daha çox maraqlandıran səbəblər var.
Əldə etdiyimiz məlumata görə, Bəhreyn tərəfi millimizi qəbul etməyə razılıq verib və qarşılığında bütün xərcləri öz üzərinə götürüb. AFFA da bu təklifə həvəslə razılaşıb. Əvvəllər 2 dəfə üz-üzə gəldiyimiz, həm səfərdə, həm də Bakıda məğlub etdiyimiz ərəblərlə əməkdaşlıq mövcuddu, zaman-zaman əlaqələrdən faydalanırlar.
Deyilənlərə inansaq, ərəblər də eyni səbəbdən rəqib axtarırmış və bizimkilərə müraciət zamanı hətta bütün xərcləri boyunlarına götürüblər. AFFA öz xərc sənədlərində Asiya ölkəsinə getmək üçün nə qədər pul xərcləndiyini yazacaq, büdcədən çıxacaq, əslində isə həmin pulu ərəblər verəcək. Hansı qaydada – bax, bunu araşdırmaq lazımdır. Mühasibatlıq sənədlərinə nəzarət etmək bizim işimiz deyil, amma güman ki, bu fakt maraqlı insanların diqqətini cəlb edəcək.
Əslində isə qarşılıqlı maraq olmadıqda, federasiyanı millisinin hazırlığı, uğurlu çıxışı maraqlandıranda buna uyğun rəqib seçilir və xərc də çəkilir. Tərəflərdən biri bütün xərcləri boynuna götürüsə, deməli, ortada başqa maraqlar var. Necə ki, vaxtilə bizimkilər İspaniya yığmasını Bakıya gətirmək üçün milyonları havaya sovurmuşdu.
Xəbərə AFFA-dan münasibət öyrəndik. Qurumun mətbuat sözçüsü Firuz Abdulla xəbəri qismən təsdiq etdi. “Bəhreyn tərəfi 40 nəfərlik heyətin – bura əsasən futbolçular, məşqçilər və s. daxildi – bütün xərclərini öhdəsinə götürüb” deyən Firuz Abdulla bir neçə dəqiqə sonra yenidən bizimlə əlaqə saxladı: “İnformasiyanı bir daha dəqiqləşdirdim. Ərəblər bizim yalnız otel və qidalanma xərclərimizi ödəyəcək. Yol xərci isə birbaşa bizim üzərimizə düşür”.
Məsələylə bağlı Bəhreyn Futbol Federasiyasının baş katibi İbrahim Əl-Bonaenin də reaksiyası maraqlıdı. O, sualdan qaçmağa çalışdı və təsdiqləmək istəmədiyi xəbəri başqa istiqamətə yönəltdi: “Bunun o qədər də vacib olduğunu düşünmürəm. Əsas odur ki, biz iki dost komandayıq və üz-üzə gələcəyik. Bütün diqqətləri buna yönəltmək lazımdır”.
Xəbəri dəqiqləşdirmək üçün mümkün variantlardan istifadə etdik. Əsl həqiqəti üzə çıxarmaq üçün yenə cəhdlər edəcəyik. Hətta dediklərinin doğruluğu da AFFA-ya məsul oyun öncəsi milli komandanı qitələr arasında sərgərdan qoymağa əsas vermir. Bəzən hətta yoxlama oyunlardakı heç-heçələrə görə milli üzvlərinə mükafat paylayan AFFA hansısa xərcləri qarşılayırlar deyə millimizi kiminsə ayağına aparmamalıdır. Ölkə idmanına dövlət səviyyəsində qayğı var və kifayət qədər vəsait ayrılıb. Maliyyəyə qənaət etmək, onu ciblərə ötürmək yox, nəticələrin yaxşılaşdırılması üçün səy göstərmək lazımdır. Bəhreyndə əldə olunacaq hər hansı nəticə gözlənilən Budapeşt faciəsinin bəhanəsi ola bilməz.
Mənbə: futbolinfo.az