- Milli komanda
- 13:59 03.10.2026
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Divizionunda Litva ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis mətbuat konfransında futbolçularına inandığını bildirib:
“Futbolçularıma inanıram. Onlar son oyundan sonra həqiqətən çox məyus idilər. İndi bunu arxada qoyub Litvaya qarşı mübarizə aparmalı və qələbə qazanmalıyıq. İnanıram ki, azarkeşlərimizi də sevindirəcəyik”.
Ayxan Abbasov qarşılaşmanın çətin keçəcəyini və komandanın qələbə qazanmaq əzmində olduğunu vurğulayıb:
“Millidə olmaq və burada məşqçilik etmək böyük bir təzyiq deməkdir. Buna mütləq dözməlisən. Bəzi gənc oyunçular bu məsuliyyətin yükünü həddən artıq hiss edirlər və nəticədə klublarında göstərdikləri rahat, sərbəst oyunu burada nümayiş etdirə bilmirlər. Onların milli komandadakı yolu yeni başladığı üçün müəyyən zamana ehtiyacları var. Xoşbəxtlikdən, heyətdə böyük təcrübəyə malik, belə çətin sınaqlardan keçmiş futbolçularımız da az deyil. Bir uğursuzluqla hər şey bitmir, əksinə, bu cür matçlar komandaya böyük təcrübə qazandırır”.
Baş məşqçi əsas məqsədlərinin qrupda liderliyi ələ keçirmək, xal ehtiyatını və reytinq göstəricilərini artırmaq olduğunu qeyd edib:
“Ancaq nəzərə almaq lazımdır ki, növbəti mərhələdə C Liqasının formatı fərqli olacaq və daha ciddi rəqiblərlə qarşılaşacağıq. İddialı komanda formalaşdırmaq müəyyən mərhələli proseslərdən keçməyi və hər bir futbolçunun potensialına bələd olmağı tələb edir”.
Qeyd edək ki, Azərbaycan – Litva qarşılaşması oktyabrın 4-də “8-ci kilometr” stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.