- Milli komanda
- 19:08 26.10.2026
Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında Haiti yığmasına məğlub olub.
90deqiqe.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv rəqibinə 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan millisi AF qrupunda əvvəlki oyunlarda Timor-Leste yığmasını 6:0, Andorra komandasını 1:0, İsrail seçməsini isə 3:1 hesabı ilə məğlub edib. Təmsilçimiz Avstraliya yığmasına da 1:3 hesabı ilə uduzub.
Beləliklə, üç qələbə və iki məğlubiyyətlə 9 xal toplayan komandamız qrup mərhələsini üçüncü pillədə başa vurub.
Reqlamentə əsasən, qrupunu üçüncü yerdə tamamlayan komandalar C divizionunda mübarizə aparacaqlar. Bu mərhələdə Azərbaycan millisi 189 iştirakçı arasında 65–96-cı yerlər uğrunda mübarizə aparacaq.
C divizionunda 32 komanda qüvvəsini sınayacaq. Kollektivləri beş mərhələdən ibarət pley-off qarşılaşmaları gözləyir. Lakin bu mərhələdə məğlubiyyət turnirlə vidalaşmaq demək deyil. Uduzan komandalar yekun sıralamada mövqelərini müəyyənləşdirmək üçün digər məğlub kollektivlərlə qarşılaşacaqlar.
Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş oyunda meydana çıxacaq. Bununla da yığmanın turnirdə keçirəcəyi qarşılaşmaların ümumi sayı 10-a çatacaq.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin milli assosiasiyalarını təmsil edən komandalar iştirak edir. Turnir çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 30-da başa çatacaq yarış Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin final görüşü isə Bakı Kristal Zalında keçiriləcək.