- Milli komanda
- 20:34 29.10.2026
Azərbaycan millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının C divizionunda növbəti qələbəsini qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Mozambik yığmasını 4:1 hesabı ilə məğlub edib.
Azərbaycan millisi növbəti oyununu bu gün saat 19:30-da Vyetnam seçməsinə qarşı keçirəcək. Vyetnam yığması əvvəlki görüşdə Kubanı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C divizionuna vəsiqə qazanıb. Yığmamız qrup mərhələsində Timor-Leste komandasını 6:0, Andorra seçməsini 1:0, İsrail yığmasını isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.
C divizionunda 81–96-cı yerlər uğrunda mübarizə aparan komandamız əvvəlcə Çili yığmasına 1:3 hesabı ilə məğlub olub, daha sonra Cəbəllütariq seçməsini 5:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin milli assosiasiyalarını təmsil edən komandalar iştirak edir. Turnir çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 30-da başa çatacaq yarış Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında təşkil olunacaq.