- Milli komanda
- 22:00 12.11.2026
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov futbolçuların hazırkı fiziki və oyun vəziyyətindən razı olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bunu UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Lixtenşteynə qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.Baş məşqçi qarşılaşmanın əhəmiyyətini vurğulayaraq qrup liderliyi uğrunda mübarizədə qələbənin vacib olduğunu bildirib:
“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Bundan sonra bizi Andorra ilə yoldaşlıq görüşü gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Bakıda bu komanda ilə heç-heçə etmişdik. Rəqibi tanıyırıq və öz meydanında daha inamlı çıxış edəcəyini bilirik. Buna baxmayaraq, komandamız oyuna hazırdır. Futbolçularımız ilk məşqdən yüksək əhval-ruhiyyədədirlər. Premyer Liqada mübarizənin ən qızğın dövrüdür və oyunçularımız yaxşı formadadırlar. İnanıram ki, istədiyimiz nəticəni əldə edəcəyik”.
Ayxan Abbasov komandanın kənar söz-söhbətlərə və tənqidlərə diqqət ayırmadığını, əsas diqqətin qarşıdakı matça yönəldiyini də bildirib:
“Toplanış zamanı futbolçularla mütəmadi söhbətlərimiz olur. Müasir dövrdür, bir çox oyunçu sosial şəbəkələrdən istifadə edir. Neqativ fikirlərdən uzaq qalmağa çalışırıq. Son görüşümüzdə də rəqibi təhlil etdik. Tamamilə Lixtenşteynlə oyuna köklənmişik. Düşünürəm ki, kənar müdaxilələrə çox fikir vermək lazım deyil. Komandaya qarşı tənqidlər ola bilər, bu, normaldır. Ancaq hər xırda detala diqqət yetirmək ziyanımıza işləyə bilər. Tənqidlərə ən yaxşı cavabı meydanda qazanacağımız qələbə ilə verə bilərik”.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.