Göygöl Rayon “İrəvan” İdman klubunun Prezidenti Fəxri Cəfərovun Corner.az-a müsahibəsini təqdim edirik:- Fəxri bəy, niyə məhz “Göygöl rayon İrəvan İdman” klubu? -Bizim Göygöl rayonun da Qərbi Azərbaycanın didərgin düşmüş, deportasiya olmuş vətəndaşlarımız çoxdur. Demək olar ki, əslən bu rayonun 60-70%-i Qərbi azərbaycanlıdır. Həm də bizim dədə-babalarımız Qərbi azərbaycanlı olduğu üçün istiyərdik ki, gələcəkdə, yaxın zaman kəsinyində bu torpaqlara qayıdaq, burada yaşayaq. Bizə bu gün Qərbi Azərbaycan İcması da dəstək verir. Artıq biz bu il keçirəcəyimiz yarışlara “Qərbi Azərbaycana Qayıdış” devizi verəcəyik və bütün yarışlar bu deviz altında keçiriləcək. Qeyd edim ki, özüm də Qərbi azərbaycanlıyam, babamgill 1948-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonundan deportasiya olunublar.-Göygöl Rayon “İrəvan” İdman klubunun yaranması kimin təşəbbüsü ilə baş verdi?1998-ci ildən bu rayonda məşqçi müəllim vəzifəsində çalışmışam. Qərbi Azərbaycan İcmasının tədbirlərinə, iclaslarına qoşulurdum. Belə davam etdikcə, artıq qərara aldıq və gördük ki, hər birimizin bir niyyəti və məqsədi var, bu da Qərbi Azərbaycana qayıtmaq istəyi, arzusudur. Bunun nəticəsində klubumuzun adını Göygöl Rayon “İrəvan” İdman klubu qoyduq. Çünki bizim bölmələrimiz də “İrəvan” idman klubunun tərkibində idman növləri çoxnövlüdür. Bizim bölmələrimizin adları da mahallara ayrılır. Məsələn: Zəngəzur, Göyçə,Vedi və.s bölmələrimiz var.-Fəxri bəy, hazırda klubda neçə idman növü var?-Hazırda klubda 10 idman növü fəaliyyət göstərir. Həmçinin burada 17 nəfər müəllim işləyir, ümumilikdə isə 400 yaxın idmançı bizim klubda və klubun bölmələrində idmanla məşğul olurlar.-Göygöl Rayon “İrəvan” idman klubunun inkişafı üçün hansı qurum və ya təşkilat dəstək verir?-Qeyd edim ki, hazırda bizə Qərbi Azərbaycan icması dəstək verir. Həmçinin də bizə yerli idman idarəmiz olan Göygöl Rayon İdman İdarəsindən də dəstək verilir. Düşünürəm ki, gələcəkdə yaxşı nəticələr əldə etmək üçün bugünki zamanda yaxşı ləvazimat və şərait lazımdır. Doğrudur bu gün nə etmişiksə, öz gücümüzə etmişik. Amma daha da irəliyə getmək, inkişaf etmək üçün bizim dəstəyə, bəzi idman avadanlıqlarına ehtiyacımız var.- Fəxri bəy, Göygöl Rayon “İrəvan” İdman klubunun qarşısında duran əsas məqsədi nədir?-İstiyərdim ki, biz gələcəkdə İrəvan idman Komitəsi olaq, böyük bir təşkilata çevrilək. Yəni bu səbəbdən irəliləmık istəyirik ki, daha da böyüyək, inkişaf edək. Hələ ki, bu yolda addımlar atmağa davam edirik. Bu zamanda biz ən azı 20-30 uşağı hansısa bir siqaret çəkmək və ya digər pis əməllərdən yayındırırıqsa, klubumuza gətiririksə, onlara təlim-tərbiyə edib, sağlamlığa yönəldiriksə, demək ki, biz bir klub kimi böyük işlər görə bilirik. Hazırda ən vacib nüanslardan biri də sağlam gəncliyin yetişməsidir. Bunu mən bu gün edim ki, gələcək də onlar da bu psixologiya ilə böyüyüb, mənim bu yolumu davam etdirsinlər. Mən bir məşqçi kimi onların boş vaxtlarında hansısa çayxanalara, kafelərə getməklərini, səmərəsiz və sağlamlıqdan uzaq vərdişlərə yiyələnməsini həqiqətən istəmirəm. Əvvəllər 2 nəfər çempionumuz olurdusa, bu il isə ümumilikdə 47 nəfər Azərbaycan çempionu olub. Bunun 10 nəfəri mənim öz bölməmin idmançıları olub. - Klubda əsasən hansı yaş kateqoriyaları daha çoxluq təşkil edir?-Klubumuzda əsasən 6 yaşdan 14-15 yaşa qədər uşaqlar çoxluq təşkil edir. Doğrudur 18+ idmançılarımız artıq böyük arenalarda döyüşür. Bu il üçün ən çox 6 yaşdan 14 yaşa qədər uşaqlar çoxluq təşkil edir. Qeyd edim ki, klubumuzda qızların da çoxluq təşkil etdiyinin şahidi oluruq.- Fəxri bəy, son olaraq Göygöl Rayon “İrəvan” İdman klubuna nəyi arzu edərdiniz?- Biz dağətəyi bir rayonda yaşayırıq. İstəyərdim ki, bütün məşqçilərimiz daha da profesionallaşsınlar, digər arenalara çıxa bilsinlər. Bizim dağətəyi rayonda yaşamağımıza baxmayaraq, istəyərdim ki, bizim uşaqlarımlz hər şeydən məlumatlı olsunlar, inteqrasiya edə bilsinlər və ən əsası da irəli getsinlər, böyük arenlara çıxsınlar. Klubumuza arzum budur ki, inşAllah düyna çempionatlarında, dünya arenalarında iştirak etsinlər. Tək öz klubuma yox, xalqıma, xalqımızın bütün idman sahəsində çalışan məşqçilərin, tələləbələrinin hər birinə arzulayıram.Mehriban Xəlilli