Xəbər verdiyimiz kimi, ötən ay Sumqayıt şəhərində 7 yaşlı uşaq məşq zamanı ölüb. Baş vermiş hadisə ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub. Hər kəs Məşqçinin bu hərəkətini qınayır və şiddətli şəkildə pisləyir. Bəs məsələnin hüquqi tərəfi nədir? Həqiqətən təqsirkar kimdir? Bu halların yenidən baş verməməsi üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı Corner.Az-a açıqlama verən idman hüquqşünası Elcan Həsənli bildirib ki, bu Azərbaycan idmanında olmamalı bir hadisə idi:
“Məşqçinin əməli hüquqi cəhətdən düzgün araşdırılacaq və hüquqi qiymət veriləcək. Artıq cinayət işi də başlanılıb. Məşqçinin barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda yekun məhkəmə qərarı olmadığı üçün biz şəxsin təqsiri ilə bağlı hər hansı bir söz deyə bilmərik. Ümumiyyətlə Azərbaycanda idman məktəblərinin fəaliyyətinin ciddi tənzimlənməsində ciddi boşluqlar və problemlər var.
Məlum olduğu kimi, Sambo idman növündə məşq keçirilir və həmin idman növündə də qəbul yaşı 10 imiş, amma nədənsə 7 yaşlı uşaq bura məşq etməyə cəlb olunub. Bunun da bir nömrəli səbəbi ondan ibarətdir ki, həmin fərdi məşqçilər UGİM-in nəzarətindən kənar, sırf kommersiya məqsədi ilə əlavə ödənişlərlə məşqlərə uşaqlar cəlb edilib. Bu da ciddi fəsadların yaranmasına səbəb olur. Görürük ki, UGİM-lər və idman məktəbləri tərəfindən onların məşqçilərinə ciddi nəzarət olunmayıb, məşqçilər ümumiyyətlə işə götürülərkən hər hansı bir idman uğurları əsasında işə götürülüb və bu da çox pis fəsadlarla nəticələnir. Onlar hər hansısa psixoloji tesdəb keçməyib, məşqçilik bacarığı olub-olmadığı yoxlanılmayıb. Ümumiyyətlə yetkinlik yaşına çatmayan uşaqlarla azyaşlılarla bağlı məşqçilər xüsusi olaraq eyni zamanda psixoloq olmalıdır. Onların məşq metodikasında da qeyd olunub ki, həmin şəxslərin məşq zamanı istənilən ağır fəndlərdən və böyüklərdə istifadə olunan fəndlərdən istifadə olunması qadağandır. Döyüş idman növlərində də bu yaşlı uşaqlara belə ağır məşqlərin keçirilməsi tamamilə qanuna ziddir və düzgün deyil. Məşqçinin görüntülərnə baxdıqda digər eyni məzmunda eyni hərəkətləri edir. Deməli bundan öncə də məşqlər bu şəkildə edilib. Bu onu göstərir ki, burada nəzarətsizlik mühiti olub. Nəzarətsizlik və cəzasızlıq mühiti məsələləri bu yerə gətirib çatdırıb. Eyni zamanda, digər bir məsələ tibbi xidmətlə bağlıdır. Orada hər hansı bir tibb işçisi də olmayıb. Bu da çox ciddi bir qüsurdur. Bu cür idman növlərində məşqlər zamanı ən azından bir tibb işçisi olmaldır ki, belə hallarda ilkin tibbi yardım göstərə bilsin, zədələr zamanı ilkin tövsiyələrini verə bilsin. Təəssüf ki, bu da olmayıb və şəxsin diaqnozu da düzgün qoyula bilməyib. Nəticədə də bədbəxt hadisə baş verib. Bunan sonrakı fəaliyyətdə ciddi nəzarət olunmalıdır, həm Təhsil Nazirliyi tərəfindən, həm də İdman və Gənclər Nazirliyi tərəfindən bütün UGİM-lər yoxlanılmalıdır. Məktəblərin zallarından istifadə məsələləri ciddi şəkildə nəzarətə götürülməlidir ki, belə bir hadisələr də gələcəkdə olmasın. Eyni zamanda gələcəkdə ən vacib məsələlərdən biri məşqçlərin sertfikatlaşdırılmasıdır. Daha sonra isə məşqçilər bütün psixoloji testlərdən, məşqlərdən keçib xüsusi olaraq bu sertfikatları əldə etməlidirlər. Hər hansı bir şəxs yaxşı idmançı ola bilər, amma bu o demək deyil ki, o yaxşı məşqçi olacaq”- deyə o qeyd edib.
Mehriban Xəlilli