- Müsahibə
- 22:18 20.10.2024
“Qarabağ həmişə
uğur qazanıb, heç vaxt geriyə addım atmayıb. Əksinə uğur üstünə uğur gətirmək
istəyib".
Qarabağ
futbol klubunun sabiq yarımmüdafiəçisi Əfran İsmayılov bu sözləri Corner.az-a
müsahibəsində söyləyib. O, Azərbaycan klublarının oyunlarını dəyərləndirib:
“Ola bilər
ki, Qarabağda hansısa transferlər gözlənilən kimi çıxmayıb. Amma Çempionlar
Liqasına qatıla bilsə, bu, böyük uğur olacaq. Ora qatıla bilməsə, Avroliqada 1\16,
1\8-ə qədər irəliləyəcəyinə inanıram”.
Daha sonra
“Sabah”ın adını çəkərək, onun fəaliyyətini yüksək qiymətləndirib:
“Sabaha gəlincə, sevindiricidir ki, ildən-ilə inkişaf edir. Akademiya açır, futbolçuları,
məşqçiləri çox yaxşı işlər görür. Böyük işlər gördükləri üçün Avroliqaya vəsiqə
qazandılar. Baxmayaraq ki, təcrübəsi yoxdu, birinci ilidi, amma inanıram ki,
layiqli oyun göstərib, yuxarıya doğru yüksələcəklər”.
Əfran İsmayılov
iki klubun oyunlarından fərqli olaraq, “Neftçi”ni müsbət qiymətləndirə bilməyib:
“Neftçi oyunlarda
zəif çıxış edir. Yəni istədiyimiz Neftçi bu deyil. Biz Neftçidən tamamilə fərqli
oyunlar gözləyirik. Çünki Neftçi flaqmandı, köklü klubdu. Hamı gözünü açıb
Neftçini görüb. Nə olur, olsun, Neftçinin nəticəsi olmalıdı. Üstündəki
uğursuzluğu mütləq atmalı və özlərini mütləq sübut etməlidirlər. Neftçinin
Qarabağla xal fərqi 25-di, bu, çox üzücüdü".
Bütün məğlubiyyətlərdən sonra qələbənin vacibliyini vurğulayan sabiq futbolçu “Bunları unutdurmaq üçün Neftçi kuboku qazanmalıdı” deyə fikrini yekunlaşdırıb.
Şəfəq Samed