6 dekabr 2023. Çərşənbə

Komandasını dəfələrlə çempion edən qərbi azərbaycanlı məşqçi kimdir?


Komandasını dəfələrlə çempion edən qərbi azərbaycanlı məşqçi kimdir?
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.  

Corner.az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi Yunan-Roma güləşi üzrə əməkdar məşqçi Nurəddin Rəcəbovla tanış edəcək. 

"İnanıram ki, yaxın zamanda Qərbi Azərbaycan torpaqlarına geri qayıdacağıq".

Bu sözləri Nurəddin Rəcəbov Corner.az-a müsahibə verərkən deyib. Həmin müsahibəsini təqdim edirik: 

- Nurəddin bəy, istərdik ki, oxuculara özünüz haqqında kiçikdə məlumat verəsiniz.

- Rəcəbov Nurəddin Rəcəb oğlu 1978-ci il oktyabrın 12-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşam. 1988-ci ildə məlum hadisələrlə bağlı Sumqayıt şəhərində məşkunlaşmışam. O zaman mənim 10 yaşım var idi. Güləşin Yunan-Roma növü üzrə 16 yaşından başlamışam. Orta məktəbi Sumqayıtda bitirmişəm. İki ali təhsilim var. Həqiqi hərbi xidmətdə "Ordu" idman klubunda olmuşam. 1996-ci ildə "Gənclərin Dünya çempionatı"nda bürünc medal qazanmışam. Böyüklərin "Avropa çempionatı"nda isə 5-ci yerdə qərarlaşmışam. Beynəlxalq turnirlərin qalibiyəm. Məşqçilik fəaliyyətimə 2009 - 2011-ci ildə böyüklərdən ibarət yığma komandada köməkçi məşqçi olaraq başlamışam. 2012-2014-cü ildə yeniyetmələrdən ibarət yığma komandada baş məşqçi işləmişəm. 2015-2017-ci ildə böyüklərdən ibarət yığma komandada böyük məşqçi kimi işləmişəm. 2018-ci ildən bu günə kimi gənclərdən ibarət yığma komandada baş məşqçi olaraq çalışıram. İşlədiyim müddətdə medal sayına görə dünyada rekord nəticə əldə etmişəm. İşlədiyim dövrdə komandanı Dünya, Avropa çempionu mükafatçısı etmişəm. Komandanı tarixdə ilk dəfə 2015-ci ildə böyük məşqçi olduğum dövrdə Dünya kubokunun sahibi etmişəm.




- Nurəddin bəy, məşqçi olmaq üçün hansı çətinliklərlə üzləşdiniz? Bu kənardan göründüyü qədər asandırmı?

- Məşqçi olmaq üçün heç bir çətinlik çəkmədim, bütün çətinliyim məşqçi olandan sonra başladı. Bu çətinlik demək olar ki, kənardan heç görünmür. Amma məşqçi olanlar və məşqçilərə yaxın olanlar bunu dərk edir.

- Məşqçinin əsas vəzifələrindən biri nədir?

- Məşqçi olmaq çox çətin bir peşədir. Çünki bura elə bir sahədir ki, həm təhsilin, həm anlayışın, həm dünya görüşün olmalıdır, həm güləşə bilməlisən, həm də pedaqoq olmalısan. Məşqçi yalnız dövləti təmsil edir. Mənim çox şanslarım olub ki, başqa sahələrdə çalışım, amma mənim üçün ən şərəfli iş dövlət  təmsil etmək, bayrağımızı ucalara qaldırmaqdır. Fikrimcə idman sahəsində ən şərəfli peşələrdən biri də məşqçilik fəaliyyətidir. 

- Nurəddin bəy, Qərbi Azərbaycana yenidən qayıtmaq şansınız olsa, idman məktəbi açmaq və məşqçilik fəaliyyətinizi orada davam etdirmək istərdinizmi?

- Bəli, əlbəttə. Hər birimiz istərdik ki, öz doğma torpaqlarımıza qayıdaq. Qərbi Azərbaycan bizim qədim torpaqlarımızdır. Mən çox istərdim ki, Qərbi Azərbaycanda idman məktəbi açıb fəaliyyətimi orada davam etdirim. Eyni zamanda Qərbi Azərbaycanda da idmanı təmsil edək. İnanıram ki, ölkə başçımızın güclü siyasəti nəticəsində biz yaxın zamanda Qərbi Azərbaycan torpaqlarına geri qayıdacağıq. Demək olar ki, artıq Zəngəzur mahalı bəllidir. Allahın köməkliyi ilə əl-ələ verərək Qərbi Azərbaycanda da idmanı zirvələrə qaldıracağıq.

- Komandanızda neçə idmançı var, qızlar yoxsa daha çox oğlanlar çoxluq təşkil edir?

- Hazırda Azərbaycan yığma komandası 40 nəfərdən ibarətdir. Yığma komanda təyin olmamışdan əvvəl bir az çox idi. Regionlardan da müraciətlər olur. Onları gətirərək hansı səviyyədə olduqlarını test edirik. Amma Azərbaycan çempionatı keçirilənə qədər. Azərbaycan Çempionatı keçiriləndən sonra artıq yığma komanda təyin olunur. Birinci və üçüncü yerə çıxan idmançılar 40 nəfərdən ibarət olur. Yunan-roma güləşi yeganə idman növüdür ki, həmin idman növündə qız ümumiyyətlə yoxdur. 



- Nurəddin bəy, qeyd etdiniz ki, 2015-ci ildə komandanızı dünya kubokunun sahibi etmisiniz. Bəs indi necə yeni qalibiyyətlərə hazırlaşırsınızmı?

- Bəli. 2015-ci ildə biz Azərbaycanı dünya kubokunun sahibi etdik. Bu ərəfələrdə mən yığma komanda da  böyük məşqçi olaraq fəaliyyət göstərirdim.  Bu tarixi bir qələbə idi. Azərbaycan ilk dəfə idi ki, dünya kubokunun sahibi olurdu. Bu bizim üçün sevindirici haldır. Cənab prezidentimiz şəxsən özü bizi qəbul edərək mükafatlandırdı.  Bizə çox böyük dəyər və stimul verdi. Qeyd edim ki, mən işlədiyim dövrdə dünyanın ən mötəbər yarışlarında baş məşqçi və böyük məşqçi olaraq fəaliyyət göstərmişəm. 

- Nurəddin bəy, məşqçi olaraq gələcəyə dair əsas hədəfləriniz nədir?

- Gələcəyə dair əsas hədəflərim, olimpiya çempionları vermək, dövlətimizi layiqincə təmsil etməkdir. 

Mehriban Xəlilli