“Tezliklə Azərbaycanda sırf qadın futbol akademiyası yaradacam” - Siyasət Əsgərov
Corner.az "ABB Fomget" klubunun idman direktoru Siyasət Əsgərovla müsahibəni təqdim edir:
- "Fomget" klubu ilə uğurlu mövsüm keçirdiniz. İl ərzində çempionatda iddialı olan komandalarla başa-baş mübarizələrdən qalib ayrıldınız. Sonuncu görüş isə "Fənərbağça" futbolçuları ilə oldu. Ümumən mövsümü dəyərləndirmək lazım olsa əsas amili siz nədə görürsünüz?
- Əsas məsələ odur ki, çox yaxşı komandamız var. Komanda dedikdə, çox yaxşı və keyfiyyətli oyunçularımızı nəzərdə tuturam. Bundan başqa çox keyfiyyətli məşqçi qrupumuz var. Bizim bir sistemimiz var və o sistemlə hazırlaşırıq. Nəticələrimiz isə çox yaxşıdır.
- "Kireçburnu" ilə başlayan 10 oyunluq uğurlu məğlubiyyətsiz seriya "Fatih Vatan"la dayandı. Təzədən 10 oyun yenidən xal qazanmaqda davam etdiniz. Və ümumi hesabladıqda 20 görüş məğlub olmayan "Fomget" təkcə 3 qarşılaşmada 1 xal qazandı. Bu göstərici haqqında sizin düşüncələriniz nədir?
- Bilirsiniz ki, Türkiyədə bu il iki quruplu liqa idi. A və B. Biz isə A qrupunda idik. Biz öz qrupumuzda 16 qələbə, bir bərabərlik və bir məğlubiyyət olmuşdu. Bəli doğrudur. Play-off mərhələsində məğlub olduğumuz oyunlar oldu. Amma şükürlər olsun ki, oyunlarımızın böyük əksəriyyəti qələbə ilə bitirdi. Komanda o qədər riskə getdi ki, bu kuboku hər oyundan oyuna qızlar maksimum xarakter və istək göstərdi. Bəziləri var idi ki, milli komandanın kampında zədəli qayıtmışdı, amma bəzi qızlar zədəli halda çıxırdı oyunlara. Bunun əsas səbəblərindən biri də bu idi. Biz bir ailə olduq. Şükürlər olsun ki, çox gözəl yerlərə gəlib çatdıq.
- Nəzərə alaq ki, "Fomget Gənclik və İdman" klubunda idman direktorusunuz. Bir komanda üçün ən vacib sayılan postlardan biri sizin həvalənizdədir. İşinizin sizə görə ən önəmli tərəfi əsas nədir?
- Mənim iş prinsiplərim bir qədər fərqli idi. Komandadakı vəzifəm idman direktoru olsa da klub rəhbərliyi mənə bəzi səlahiyyətləri də həvalə etmişdi. Göstərişlərə əsasən əsas komandada texniki baxımdan hərşeyə nəzarət funksiyasını da yerinə yetirirdim. İşimin əsas tərəfi masa arxasında olmasına baxmayaraq lap əvvəldən mənə öhdəliklərin stadionda, komandanın yanında olduğuna görə qəbul etdim. Yekunda isə qalib gəldik. Bu qələbədə hər kəsin payı böyükdür.
- Baş məşqçi və idman direktoru kimi yeni mövsümə hansı planlarınız var? Komandaya yeni cəlb etmək istədiyiniz futbolçular varmı?
- Əsas məqsədimiz hazırda komandamız çempionlar liqasına hazırlaşır, ordan qalibiyyətlə qayıtmaq, play- off maçları keçib, çempionlar liqasına vəsiqə qazanmaqdır. Ona görə də, komandaya istirahət vermişik. Hazırda çempionlar liqasının püşkatmasını gözləyirik. Bundan sonra isə məşq prosesləri start veriləcək. Yəqin ki, komandaya yeni oyunçular cəlb olunacaq. Əgər çempionlar liqasının qrupuna düşsək komandamız yeni sezon Türkiyə çempionatına start verəcək. İki tərəfdə də oynamaq üçün yeni oyunçulara ehtiyacımız var.
- Azərbaycanda da qadın futbolunun son illər inkişafda olduğunu müşahidə edirik. Ölkəmizdən transfer planları nəzərdə tutursunuz mu?
- Azərbaycanda qadın futbolu son dönəmlərdə inkişaf etməyə başlayıb. Çox da inkişaf etməsə də, yavaş-yavaş ilərləyəcək. Zaman keçdikcə daha da inkişaf edə bilərik. Milli komandamızın 75 faiz oyunçusu Türkiyənin superliqasında bəlli bir klublarda oynayır. Bu federasiyamızın bir strategiyasıdır. Nəinki Türkiyədə, Rusiya, Qazaxıstan, bu ölkələrdə də oyunçularımız var. Məqsədimiz isə komandamızın liqalarda bizi daha yaxşı təmsil etməsidir.
- Siyasət bəy, fəaliyyətinizi Azərbaycanda davam etdirəsi olsanız, Azərbayfandakı Qadın Futbol məktəblərinin yaradılması ilə bağlı hansı planlar həyata keçirə bilərsiniz? Ağlınızda hər hansı layihə varmı?
- Nəzərinizə çatdırım ki, futbol üzrə milli komandanın baş məşqçisiyəm. Təbii ki, belə bir şərait yaranarsa, mən Azərbaycanda sırf qadın futbol akademiyası yaratmaq istəyirəm. Mənim ən çox yerinə yetirmək istədiyim məqsədlərimdən biri də budur. Bu barədə bir məqsədim var və hətta bununla bağlı layihəm də var. Allah qismət etsə bu layihəni tezliklə həyata keçirməyi düşünürəm.
Mehriban Xəlilli