- Müsahibə
- 22:18 20.10.2024
“Səhər saat 5-də məşqə getməyi saymasaq, çətinliyim yoxdur!”
Bunu 90 deqiqe.az saytına müsahibəsi zamanı bu mövsüm basketbol karyerasını və təhsilini Cənubi Kaliforniya Akademiyasında (SCA) davam etdirən 15 yaşlı basketbolçu Hüseyn Qaflanov deyib. Ötən ilin dekabrında Litvanın paytaxtı Vilnüsdakı NBA basketbol məktəbinə daxil olan 210 santimetr boya malik Hüseyn orada bilik və bacarıqlarını təkmilləşdirdikdən sonra cari ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına yollanıb.
- Necə oldu bu idman növünə həvəsin yarandı?
- Basketboldan öncə bir neçə idman növü ilə məşğul olmuşdum. Taekvondo, Cüdo, üzgüçülük. Eyni zamanda da basketbolçu olmaq istəyim var idi. Basketbol komanda idman növü olduğu üçün, həm də məşqçilərimin təkidi bu idman növünü seçməyimə böyük təsir etdi.
- Azərbaycanda olduğun müddətdə hansı klublarda oynamısan?
- Azərbaycanda olduğum müddətdə, Təhsil və NTD klublarında çıxış etmişəm. Xüsusilə NTD klubunun rəhbərliyinə, məşqçilər heyətinə, mənə sərf etdiyi əməyə və göstərdikləri etimada görə sonsuz dərəcədə minnətdaram.
- NBA akademiyasına yollananda hansı çətinliklərlə üzləşmişdin?
- Əvvəlcə Litvanın paytaxtı Vilnüsdakı NBA basketbol məktəbinə yollandım. Həmin dövrdə əsas çətinliklərim əsasən ilk vaxtlar iqlimə uyğunlaşmaqda oldu. Qış fəsli orda daha sərt keçir. Hazırda Amerika Birləşmiş Ştatlarındayam və Kaliforniyada ciddi bir çətinlik yaşamıram. Əgər səhər saat 5 də oyanıb məşqə getməyi saymasaq.
- Ailən belə bir qərar aldığında fikrini necə qarşılamışdı?
- Ailəm, idman həyatımdakı bütün qərarlarımı anlayışla qarşılayıb. Daim mənə dəstəkdilər. Həm də mən, bir çox hallarda valideynlərimlə bərabər oyunlarımı analiz edib, məsləhətlər alıram. Anama, atama və bacıma çox minnəttaram.
- NBA də hansı komandada oynamaq istəyərsən?
- Hazırda ən yüksək hədəf nədirsə, arzum ona doğru irəliləməkdir. Belə “Dallas Maveriks”in oyununu və əsas heyətindəki ulduzları çox bəyənirəm. Gələcəkdə orada oynamaq istərdim
- Ən çox sevdiyin oyunçu kimdir? Və niyə?
- Kevin Durant öz atletikliyi, cəldliyi və atışlarına görə ən sevdiyim basketbolçudur.