- Müsahibə
- 22:18 20.10.2024
“De Byazi özü, getməsi ilə bağlı İcraiyyə Komitəsindən xahiş edib”
“Qurban Qurbanova şans versəydilər, bəlkə də indi daha yaxşı yerlərdəydik”
90deqiqe.az xəbər verir ki, bunu tanınmış idman jurnalisti Mirbağırağa Cəfərli saytımıza müsahibəsində söyləyib. O, qeyd edib ki, ümid edir ki, AFFA Qurban Qurbanova qarşı etdiyi qeyri-peşəkar addımını bu dəfə dəvət edəcəyi yerli mütəxəssisə qarşı atmayacaqlar.
- Təbii ki, AFFA-nın Canni De Byazi ilə yolunu davam etdirməsi futbolumuz adına da təhqir olardı. Çünki artıq peşəkar iş bir yana, italiyalı artıq özünü də apara bilmirdi, konfranslarda artıq suallara dözmür, özünü tərbiyə almamış uşaq kimi aparırdı. İşi isə ortadadır. Üç il ərzində millinin nəticələri bir yana, ümumiyyətlə, sistemli bir iş ortaya qoymadı. Doğrudur, ara-sıra milli normal oynayırdı. O da həqiqətən futbolçuların istedadından irəli gələn məsələdir. De Byazinin ən böyük problemi yalan danışmağı və Azərbaycanda sanki ondan başqa heç kimin futboldan başı çıxmaması kimi yanaşması idi. Qəribə məqam dour ki, AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, De Byazi özü getməsi ilə bağlı İcraiyyə Komitəsindən xahiş edib ki, müqaviləsini uzatmasınlar. O, bunu etməsəydi necə olacaqdı? AFFA hansı qərarı verəcəkdi? De Byazi dönəmi bitdi. Amma bizim tək problemimiz De Byazi deyildi və əsas problemimiz hələ də bu deyil. Uşaq futbolu, uşaq çempionatlarının keçirilməsi, məşqçilərin savadının artırılması, komandalarımızın, millilərimizin tez-tez turnirlərə göndərilməsi, filan. Bu məsələlər xırda görünsə də, əsas problemlərdir. Məşqçilərimiz ixtisaslaşmalıdır. Ümid edək ki, AFFA yeni baş məşqçi məsələsində heç olmasa doğru seçim edəcək. Təbii ki, bu dəqiqə bizim üçün xarici mütəxəssisə ehtiyac yoxdur. Yerli mütəxəssislərimiz az deyil, onlardan biri dəvət edilməlidir. Ona uzun müddətə şans verilməlidir ki, sistemli iş ortaya qoysun və bir müddət sonra nəticə tələb edək. Amma ümid edək ki, AFFA Qurban Qurbanova qarşı etdiyi qeyri-peşəkar addımını bu dəfə dəvət edəcəyi yerli mütəxəssisə qarşı atmayacaqlar. Təsəvvür edin, Qurbanova həmin vaxtı şans versəydilər, bəlkə də indi daha yaxşı yerlərdəydik. Qazaxıstan millisinin tez-tez misal çəkirik. Amma bu fikrimdə qətiyəm ki, bizim futbolçular qazaxıstanlı futbolçulardan daha istedadlıdır, sadəcə qazaxlar daha ürəklə oynayırlar. Millidə olduqlarının fərqindədirlər. Bizimkilər də olsa, nə gözəl idi. Yerli gətirməsələr də, ən yaxşı halda milliyə keçmiş potsovet məkanından gənc, enerjili, yüksək ödənişli olmayan mütəxəssis gətirmək lazımdır. Necə ki, Qazaxıstan Futbol Federasiyası Maqomed Adiyevı gətirməklə bunu edib. Amma istənilən halda, yerli mütəxəssisin dəvət olunmasından yanayam".