- Müsahibə
- 13:32 26.11.2025
Misli Premyer Liqasında mövsümün ilk hissəsini sonuncu pillədə başa vuran Qəbələ ikinci yarının hazırlıqlarını davam etdirir. Elmar Baxşıyevin başçılığı altında məşqlərə qatılan komanda Qəbələ Şəhər stadionunun ehtiyat meydançasında hazırlıq keçir.
Cari mövsümün ilk yarısında kollektivin aparıcı futbolçularından biri olan Bilel Auşeriya 90deqiqe.az saytına eksklüziv müsahibə verib. "Qırmızı-qaralar”ın fransalı futbolçusu Bilel Auşeriya da təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb. 29 yaşlı vinqer gələcəyə nikbin baxdığını və ilk yarıdakı səhvləri düzəltməyə çalışacaqlarını deyib:
“İlk yarıdakı səhvlərimiz üzərində işləyib, daha yaxşı nəticə göstərməliyik. Uğursuzluğun səbəblərini axtarmağa çalışmıram, çünki səbəblər çox ola bilər. Bütün bunlar isə keçmişdə qalıb. Yaxşı oyun göstərmək üçün bütün komanda məşqə fokuslanıb. Gələcəyə nikbin baxırıq. Baş məşqçimiz Elmar Baxşıyevin verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışırıq. Hazırda yer aldığımız mövqe bizi Premyer Liqada qalmaq uğrunda mübarizə aparmağa vadar edir. Bunu düzəldə bilsək, yuxarı pillələr uğrunda danışmaq olar."