- Müsahibə
- 22:18 20.10.2024
Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turnirində sərbəst güləşçilərin yarışı başa çatdı. Azərbaycan millisinin “Zaqreb Open”də 9 güləşçisi xalça üzərinə çıxdı.
90deqiqe.az xəbər verir ki, İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov, Arseniy Cioyev (hər ikisi 86 kq), Giorgi Meşvildişvili və Vahit Qalayevin (hər ikisi 125 kq) yer aldığı komandamız turnirdə 3 medal qazanıb. Əliabbas, Nürəddin və Cəbrayıl fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
Turnirin əvvəlində mübarizəyə başlayan və sonda 3-cülüklə kifayətlənən Nürəddin Novruzov haqsızlığa məruz qaldığını söyləyib. Saytımıza ekslüziv müsahibə verən gənc pəhlivan bu sözləri dilə gətirib :
“Yarış haqqında onu deyə bilərəm ki, çox yaxşı keçdi. Bu turnir ümumilikdə mənim ilk böyüklər arasında yarışımdır. İlk mərhələlərdə rəqiblərimə asanlıqla qalib gəldim. Yarımfinalda isə ukraynalı Andrey Celeplə qarşılaşdım. Bu mübarizədə isə hakimlərin ədalətsizliyinə məruz qaldım. Rəqibə qalib gəldiyimi düşünürdüm, ancaq referilər qələbəni ukraynalı güləşçiyə verdilər. Məşqçilər də etiraz etdilər, lakin faydası olmadı. Hətta görüş başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının nümayəndələri hakimlərdən epizodun təkrarına yenidən baxılmasını istədilər. Sonda sübut olundu ki, xal mənə verilməliydi. Buna görə də həmin referilər turnirdən kənarlaşdırıldılar. Amma artıq gec idi. Finala rəqibim vəsiqə qazanmışdı. Sonda bürünc uğrunda görüşə çıxdım və qalib oldum”