4 dekabr 2024. Çərşənbə

Asəf Namazov : "Çox şeyi ürəyində saxlayardı, ona görədə sonda ürəyi dözmədi"


Asəf Namazov : "Çox şeyi ürəyində saxlayardı, ona görədə sonda ürəyi dözmədi"

Ötən gün "Neftçi"nin keçmiş oyunçularından Rəşid Özbəyovun yubileyi idi. Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi.

Təəssüf ki, 2001-ci ilin 16 sentyabr tarixində 48 yaşında qəfil ürəktutması nəticəsində həyatla vidalaşan Özbəyov artıq 23 ildir aramızda yoxdur. Peşəkar futbolçu kimi yalnız "Neftçi"də top qovan mərhum futbolçu Bakı təmsilçisinin heyətində 300dən çox keçirib. Məşqçilik karyerası ərzində "Xəzər Lənkəran", "Göyəzən", "Qarabağ", "Dinamo", "İnşaatçı Sabirabad", "Kəpəz", "Xəzri Buzovna" və "Neftçi" kimi klublarda oynayan Rəşid Özbəyov “Gəncə” komandasında baş məşqçi köməkçisi işləyərkən komanda iki dəfə Azərbaycan çempionu adını qazandı, bir dəfə isə ölkə kubokunun sahibi oldu. Gəncə futbolçuları iki dəfə çempionlar liqasında, bir dəfə UEFA kuboku uğrunda turnirdə Azərbaycanı təmsil etdilər.

Rəşid hər dəfə Gəncədən Bakıya gələndə köhnə futbolçu dostları ilə görüşər, futbol oynayar və saunada çimərdilər. Adəti üzrə bir dəfə saunada olarkən Rəşidin ürək ağrıları tutdu. Həkimlər ona kömək edə bilmədilərlər. 2001-ci ildə baş vermiş bu hadisədən sonra onu evi olmadığından onun cənazəsi AFFA-dan götürülüb. 

90deqiqe.az saytı olaraq futbolumuzun ən görkəmli nümayəndələrindən birini onun komanda yoldaşı olmuş, Rəşid Özbəyovdan əvvəl "Neftçi"də baş məşqçi vəzifəsini icra etmiş  Asəf Namazovla söhbətdə xatırladıq.

- Rəşid Özbəyovla uzun illər çiyin-çiyinə "Neftçi"də oynamısız. Komanda yoldaşınız haqda fikirləriniz maraqlıdı...

- Rəşid mənnən bir yaş cavan idi. Ləqəbidə "şvitsari" idi, belə deyək heç bir işə qarışmazdı, ancaq futbolla məşğul olardı. Çox şeyi ürəyində saxlayardı, ona görədə sonda ürəyi dözmədi. Amma meydanda çox döyüşkən futbolçu olub. O, sol cinah müdafiəçisiydi, həm sürətli, həm də aqressiv futbol oynayardı. İndiki futbol diliylə desək, fola yaxın oyunçu idi. Buna rəğmən, mövqeyində fəal, komandası üçün maksimum döyüşkən və təslim olmağı sevməyən futbolçuydu. Daim Azərbaycan futboluna sədaqətlə xidmət edib.

- Qeyd etdiyiniz kimi, Özbəyovla bir yaş fərqiniz var. "Neftçi"yə eyni vaxtda gəlmişdiz?
- Rəşid "Neftçi"yə məndən bir il əvvəl qoşulmuşdu. O vaxt SSRİ-də hər il 15-17 yaşlı futbolçular arasında "Ümid kuboku” keçirilirdi. Yarışda ittifaq respublikalarını yığmaları çıxış edirdi. 1973-cü ildən mən də "Neftçi"yə qoşuldum və Rəşidlə tanışlığımız, yoldaşlığımız başladı. Sonradan çox yaxın iki dosta çevrilmişdik.

- Rəşid Özbəyovun "Neftçi" karyerası haqqında nə demək istərdiniz?
-  O karyerası boyunca ancaq "Neftçi"də çıxış etdi. 12 il ərzində Bakı təmsilçisində 300-dən çox oyunda iştirak etdi və 4 qol vurdu. Daha çox oynaya bilərdi, amma 1983-cü ildə Kutaisi "Torpedo"suyla matçın ilk dəqiqələrində aldığı zədə buna imkan vermədi. Yəqin qalsa idi daha çox qolunu görərdik. 

- Yaşıl meydandan kənarda necə biri idi?
- Hamının hörmətini saxlayardı. Amma məsafəni gözləyən biriydi. Yəni çox qaynayıb-qarışmaz, öz işiylə məşğul olardı. Heç kimə pislik etməzdi. İşi-gücü ancaq futbol idi. Boş vaxtını da ailəsinə ayırardı. İçkidən və bir çox pis vərdişdən uzaq olsa da, özünə baxan da deyildi. Vaxtında qidalanmaz, xəstələnəndə özünə fikir verməz, zamanı gələndə həkim müayinəsinə getməzdi. Elə buna görə də hansı xəstəliklərinin olduğunu bilmədi. Bir də eşitdik ki, dostlarıyla saunada olarkən ürəktutmasından canını tapşırıb. 







Müsahibə