5 dekabr 2025. Cümə

Ramil Cahangirov : ""Qarabağ"ın Leverkuzen klubu haqqında daha geniş məlumat bazası var" - MÜSAHİBƏ

"Bəlkə də, Alonso Qurban Qurbanovun səfərini bir qədər sonraya saxlayardı"


Ramil Cahangirov : ""Qarabağ"ın Leverkuzen klubu haqqında daha geniş məlumat bazası var" - MÜSAHİBƏ

90deqiqe.az xəbər verir ki, bu sözlər "CBC Sport"un şərhçisi Ramil Cahangirova məxsusdur. Cari mövsüm UEFA  Avropa Liqasında qrup mərhələsində BayArenada "Bayer Leverkuzen" - "Qarabağ" görüşünü şərh edən Ramil Cahangirov hazırda "Qarabağ" tərəfinin Leverkuzen təmsilçisi barəsində daha çox məlumatlı olduğunu vurğulayıb. 

"Qarabağ"la qrup mərhələsində qarşılaşan "Bayer"lə bugünkü arasında bir əsas fərq var. Həmin vaxt Xabi Alonsonun komandasının bu tempdə nə qədər davam edəcəyi sualı aktual idi. Bugün isə onlardan Bundesliqada konkret çempionluq gözləntisi var və şanslar da çox realdır. Komanda mövsümün son fazasına eyni güclə daxil olur, təəssürat belədir ki, güc ehtiyatları da kifayət qədərdir.

Cinah müdafiəçilərinin qol və assist məhsuldarlığı bu komandanın xüsusi cəhətidi, lakin bundan başqa da bir çox vacib detallar var. Komandanın müdafiədə oyunu da əslində yüksək qiymətə layiqdi. Hücumlara keçid zamanı futbolçuların anlaşması, dayaq zonasının da bu prosesdə iştirakı, gözuyümulu kombinasiyalar - bütün bunlar keyfiyyətli taktiki hazırlıqdan xəbər verir.Daha bir əsas məsələ, Alonsonun uğurlu rotasiyası və heyətin gücündən maksimum istifadəsidi. Məsələn, Andrix ötən mövsümdən fərqli olaraq daha az oyun vaxtı əldə edirdi, amma Palasiosun zədəsindən sonra qətiyyən argentinalının yoxluğunu hiss etdirmədi. Gənc Natan Tellanın tədricən daha çox şans əldə etməsi və nəticə verməsi daha bir nümunədi.Nisbi müqayisə aparsaq "Qarabağ" öz miqyasında eyni cəhətlərlə öyünə bilər. Liqada dominantlıq, uğurlu rotasiya, gənclərin şans əldə etməsi - bütün bunlarla Qurbanovun komandası da öyünə bilər. 

"Qarabağ" üçün oyunda ikinci rolda olmağın özü artıq ciddi çətinliyə səbəb olur. Anlayırıq ki, "Leverkuzen"ə qarşı belə məcburiyyət qaçılmazdır. Lakin "Qarabağ"ın oyuna nəzarətə meyilli olması bu cütdə Ağdam komandasına ümid verən əsas faktordu. Bu mövsüm heç kim "Bayer"ə qarşı qapanmaqla nəticə verə bilməyib. Amma, ən azı nəzəri cəhətdən, istənilən rəqibi təəccübləndirmək, onu çətinə salmaq mümkündür. Bəlkə də, Bundesliqa liderlərinin "Ştutqart", "Münhenqladbax" və "Dortmund"la heç-heçələri təhlil üçün Qurbanovu müəyyən materialla təmin edəcək.

Yeri gəlmişkən, payızdan fərqli olaraq indi "Qarabağ"ın Leverkuzen haqqında daha geniş məlumat bazası var. Bu həm keçirilmiş oyun sayı ilə bağlıdır, həm də Qurbanovun Almaniyada komandanın məşq prosesini yaxından izləməsi ilə. Komanda haqqında istənilən bilgi faydalı ola bilər, bəzən bu məlumatlar bilavasitə rəqibə qarşı istifadə üçün deyil, daxili inamı möhkəmləndirmək üçün lazım olur. Bəlkə də, Alonso bu komandaların yenidən üz-üzə gəlmək ehtimalını yüksək hesab etsəydi, Qurbanovun səfərini bir qədər sonraya saxlayardı.

Qeyd edək ki, "Qarabağ" - "Bayer04" qarşılaşması martın 7-i saat 21:45 də start götürəcək. 







Müsahibə