- Müsahibə
- 12:59 03.02.2025
"Cavab oyununda əlbəttə çətin olacaq, amma inanırıq, ilk oyunda olduğu kimi yenə inanırıq"
90deqiqe.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın sabiq qolkiperi, hazırda Türkiyə Super Liqasında "Adana Demirspor"un qapısını qoruyan Şahruddin Məhəmmədəliyevə məxsusdur. Azərbaycan millisinin əsas əlçək ustası Şahruddin təmsilçimiz "Qarabağ"a inandığını vurğulayıb.
""Braqa" ilə hər 2 oyunda "Qarabağ" rəqibindən qat-qat yaxşı idi. Yalnız qırmızı vərəqə planları pozdu, amma belə hər şey qaydasında idi. Say azlığı həyəcanlandırdı, narahatlıq yaşatdı. Belə emosiyaları çoxdan yaşamamışdım. Xüsusilə Nərimanın qolundan sonra yaşadığım hisslər... belə emosiyaları yəqin ki ömrümdə yaşamamışdım.
"Bayer" ilə oyuna gəldikdə, kimsə oyundan əvvəl desə idi ki hesab 2-2 olacaq, hər kəs razılaşardı. Amma oyuna baxdıqda görə bilərik ki "Bayer" konkret olaraq məğlubiyyətdən xilas oldu. Bu mövsüm onlar 2 dəfə məğlub olmağa yaxın idilər. Bir bu oyunda, bir də "Bayern Münhen" ilə çempionat oyununda da sonda məğlubiyyətdən qaçmışdılar. Yəni "Qarabağ" bu mövsüm "Bayer"i həqiqətən üstələməyi bacaran tək-tük komandalardandır. Sadəcə qol vurub müdafiə oturan yox, məhz oyunda üstələyən. Cavab oyununda əlbəttə çətin olacaq, amma inanırıq, ilk oyunda olduğu kimi yenə inanırıq. Mən o zaman da inandığımı demişdim. Allahın köməkliyi ilə hər şey çox yaxşı olacaq".
Qeyd edək ki, Şahruddin Məhəmmədiyev 2016-2023-cü illər ərzində Ağdam təmsilçisinin formasını geyinib. O, bu illər ərzində 5 dəfə ölkə çempionu olmaqla yanaşı, 2 dəfə Azərbaycan kubokunun sahibi olub.
Xatırladaq ki, "Bayer Leverkuzen" - "Qarabağ" matçı bu gün gecə yarısı start götürəcək