27 iyul 2024. Şənbə

Maxtı Makkayev : " Çünki hər kəs bu yarışa lisenziya qazanmaq üçün qatılır"

"Dünya Kubokunda planetin ən güclü idmançılar çıxış edəcəklər"


Maxtı Makkayev : " Çünki hər kəs bu yarışa lisenziya qazanmaq üçün qatılır"

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək. Artıq turnir üçün heyət də açıqlanıb. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 235-i kişi, 231-i qadın olmaqla 466 atlet iştirak edəcək. 31 mart – 11 aprel tarixlərində Tailandın Puket şəhərində keçirələcək Dünya Kubokunda yeganə qadın təmsilçimiz 45 kq-da yarışan Nazilə İsmayılova ilə yanaşı, kişilərdən ibarət seçmədə 73 kq-da yarışan İsa Rüstəmov, Ömər Cavadov, 102kqda mübarizə aparan Əli Şükürlü və 109 kq çəkidə olan Dadaş Dadaşbəyli körpücük üzərinə çıxacaq. Ötən ilin sonlarında İdarə Heyətinin qərarına əsasən kişilərdən ibarət yığmanın çalışdırıcısı rusiyalı Maxtı Makkayev “CBC Sport”a eksklüziv açıqlama verib. Uzun müddət Rusiya yığmasında işləyən, ölkəsində ilin ən yaxşı məşqçisi seçilən Makkayev komandanın tam heyət hazır olduğunu dilə gətirib: 
 

“Düzünü desəm, hazırlıq prosesinin çox yaxşı keçdiyini düşünürəm. Vitaminlər və digər lazım olan məmulatlar vaxtında çatdırılmışdı. Deyə bilərəm ki, qarşıdakı dünya kubokunda çıxış edəcək ağırlıqqaldıranlarımız Dohadakı qran-pridən dəfələrlə daha güclüdürlər. İsa nəticəsini yaxşılaşdıra bilər. Ömərin də göstəricisini yaxşılaşdıracağını düşünürəm. Əli də çox yaxşı formadadır və artıra bilər. Dadaş ilk iki yerdən biri uğrunda mübarizə apara bilər. Komanda tam heyəti ilə hazırdır. Əsas odur ki, heç bir zədəmiz yoxdur. Hər kəs gözəl anlayır ki, Dünya Kubokunda planetin ən güclü idmançılar çıxış edəcəklər. Çünki hər kəs bu yarışa lisenziya qazanmaq üçün qatılır. Bütün iştirakçılar üçün bu, lizenziya qazanmaq üçün seçmə mərhələnin 5-ci etapıdır. Ümid edirəm ki, bizim idmançılar da lisenziya əldə edərək ölkəmizi Olimpiya Oyunlarında təmsil edəcəklər”

Xatırladaq ki, cari ilin fevralında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa Çempionatında Azərbaycanın kişilərdən ibarət yığması Avropada 7-ci yeri tutub.







Müsahibə