9 may 2024. Cümə axşamı

Mədinə Hüseyn: "İdman ictimaiyyətini məlumatlandırmağı özümüzə borc bilirik"


Mədinə Hüseyn: "İdman ictimaiyyətini məlumatlandırmağı özümüzə borc bilirik"

Bu gün Ümumdünya Antidopinq Agentliyinin qərarı ilə dünyada Ədalətli İdman Günü kimi qeyd edilir. 

90deqiqe.az xəbər verir ki, təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır. Təşəbbüsə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi də 2024-cü il 15-21 aprel tarixlərini əhatə edən dövrü ölkəmizdə “Ədalətli idman həftəsi” elan edib. AMADA-nın rəqəmsal marketinq üzrə meneceri Mədinə Hüseyn Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliğatına münasibət bildirib.

"2014-cü ildən bəri hər il aprel ayında Ümümdünya Antidopinq Agentliyi “Play True Day”, yəni “Ədalətli İdman Günü” keçirir. Hər il aprel ayının fərqli tarixlərində qeyd olunan “Ədalətli İdman Günü”, bu il 19 aprelə təsadüf edir və artıq 10 ildir ki, bu gün xüsusi olaraq qeyd olunur.  Biz də Azərbaycan Milli Antidopinq Agentliyi olaraq bu günlə bağlı idman ictimaiyyətini məlumatlandırmağı özümüzə borc bilirik. Əlbəttə ki, məlumatlandırmada əsas üsullardan biri də sosial mediadır. Bundan əlavə olaraq, Ümümdünya Antidopinq Agentliyi hər il müxtəlif konseptlərdə qeyd olunan “Ədalətli İdman Günü”nün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ olunmasına çağırış edib. Ölkəmizdə 15 Apreldən 21 aprelədək “Ədalətli İdman Həftəsi” elan olunmuşdur və bu həftə ərzində müxtəlif sosial media kanallarında bu günlə bağlı müxtəlif paylaşımların edilməsi nəzərdə tutulmuşdur. Buraya məlumatlandırıcı postlar və hekayə paylaşımları, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə əlaqədar fikirlərini əks etdirən video çarxlar, eyni zamanda da Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələr aiddir. İnsanlar bu müsabiqələrdə iştirak edərək həm maariflənə, həm də bizdən dəyərli hədiyyələr qazana biləcəklər. Ümumən yalnız “Ədalətli İdman Günü” ilə bağlı deyil, idmanda təmizliyin və dürüstlüyün qorunmasında sosial medianın rolu çox böyükdür və biz də əlbəttə ki, bununla bağlı daima insanları maarifləndirməyə çalışırıq".

Qeyd edək ki, aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il 19 aprelə təsadüf edir.







Müsahibə