16 iyun 2024. Bazar günü

Azərbaycanda VAR-a əcnəbilər gətirilir: - yerli hakimlərə niyə güvənilmir?


Azərbaycanda VAR-a əcnəbilər gətirilir:  -  yerli hakimlərə niyə güvənilmir?

Azərbaycan Premyer Liqasının oyunlarında VAR hakimləri əcnəbi olacaq. Bu barədə federasiyanın yeni prezidenti Rövşən Nəcəf bildirib. Qərar Premyer Liqanın son iki turuna şamildir. Belə ki,  avrokuboklara vəsiqə uğurunda şansları qalan komandaların - "Zirə", "Neftçi", "Sabah" və "Sumqayıt"ın matçlarında VAR-a nəzarət əcnəbi hakimlərin ixtiyarında olacaq. 
Bəs əcnəbi mütəxəssislərin Azərbaycan oyunlarına hakim olaraq təyini yerli oyun idarəçilərinin, yəni hakimlərin gələcək fəaliyyətinə necə təsir göstərə bilər? 

İdman yazarı, jurnalist Mehman Süleymanov 90deqiqe.Az-a açıqlamasında deyib ki, sonradan yarana biləcək söz-söhbətin yaranmaması üçün VAR-a nəzarətə əcnəbi hakimlər təyin edilib. Azərbaycanda kifayət qədər bacarıqlı hakimlərin olduğunu deyən M.Sülyemanov söyləyib ki, sadəcə olaraq bu, mövsümün həlledici mərhələsidir, yəni son 2 turun oyunu qalıb: 

"Düzdü, çempion artıq məlumdur. Amma digər 3 vəsiqəyə 4 iddiaçı var. 6-cı gün 3 maraqlı oyun olacaq və böyük ölçüdə məsələlərə aydınlıq gətiriləcək. Ona görə də AFFA belə qərara gəlib ki, helledici matçlarda VAR otağında əcnəbi hakimlər olsun ki, sonradan söz-söhbət çox olmasın. Çünki öz hakimlərimiz olsa yenə də söz-söhbətlər qaçılmaz olacaq. Ona görə də bu məsələyə normal yanaşıram".

M.Süleymanov həmçinin Azərbaycanda 15 il əvvəl də əcnəbi hakim praktikasının olduğunu xatırladıb:

"Əsasən Almaniyadan hakimlər gətirilirdi. Amma o zamankılar baş hakimlər idi.İndi isə bir az fərqlidir, yəni sadəcə VAR-a nəzarət üçün gətirilir. Amma təbii ki, gələcək üçün əcnəbi hakimlərin dəvət olunması ölkəmizdəki hakimlərin nüfuzuna bir qədər xələl gətirir və yerli hakimlərin beynəlxalq oyunlara təyinatına maneçilik törədir".







Müsahibə