30 noyabr 2024. Şənbə

“Qarabağ”ın ÇL-da yolu qısalır: Bu mövsüm komanda üçün nə proqnozlaşdırılır?


“Qarabağ”ın ÇL-da yolu qısalır: Bu mövsüm komanda üçün nə proqnozlaşdırılır?

Yeni mövsümdən avrokubokların formatının dəyişməsi UEFA reytinqi yüksək olan "Qarabağ"ın Çempionlar Liqası yolunu qısaldacaq. Bu, artıq İspaniya çempionu kimi ÇL-ə vəsiqəni təmin etmiş "Real"ın Çempionlar Liqasının qalibi olması sayəsində mümkün olacaq. Əgər bu mövsüm Madrid klubu finalda Dortmund “Borussiya”sını məğlub edərsə, “Qarabağ” mübarizəyə 1-ci deyil, 2-ci təsnifat mərhələsindən qatılacaq.

İdman yazarı, jurnalist Mehman Süleymanov 90deqiqe.Az-a açıqlamasında avrokubokların formatının dəyişməsindən və “Qarabağ”ın bu yeniliklər sayəsində qazanacağı mümkün üstünlüklərdən danışıb.

O bildirib ki, bu məsələ son günlərin əsas müzakirə mövzusuna çevrilib. M.Süleymanovun sözlərinə görə, bu səbəbdən azərbaycanlı futbolsevərlər də istər-istəməz final matçında Madrid klubuna azərkeşlik edəcəklər: “Təbii ki, bu, Ağdam təmsilçisinə üstünlük verir. Yəni biri var qrupa gedən yolda 4 komandanı sıradan çıxarsan, biri də var ki, 3 komandanı kənarlaşdırasan. Üstəlik, məlumdur ki, format artıq tam dəyişib. Artıq qrupa düşmək, qrupdan çıxmaq daha da çətinləşir, mübarizə gərginləşir. Düşünürəm ki, hər halda "Qarabağ" yenə də bizi sevindirəcək. Biz sonadək mübarizəni izləyəcəyik. Yenə də doğma komandamızın 2017-2018 mövsümündə olduğu kimi bizi çempionlar liqasında təmsil etməsini arzulayırıq. Amma bu olmasa belə "Qarabağ"ın Avropa Liqasına vəsiqə qazanacağına böyük inamımız var. Hər halda Qurban Qurbanov 16 ildir ki, komandanın başında olaraq hər il komandasını inkişaf etdirir. Təbii ki, bir yerdə dayanmaq olmaz”.

M.Süleymanov həmçinin “Qarabağ”ın heyətində ediləcək mümkün transferlərdən də danışıb. O vurğulayıb ki, "Qarabağ"ın heyəti nə qədər güclü olsa da, güclənmək hər zaman lazımdır:

“Qurban müəllim də hər mətbuat konfransıda bununla bağlı sualları cavablandırarkən vurğulayır ki, hər mövqeyə axtarış gedir. Burada əsas məsələ komandanın heyətindən gedənlərin olub-olmayacağı ilə bağlı məqamdır. Çünki aparıcı futbolçular çox yaxşı çıxış edərək digər klubların diqqət mərkəzinə düşüblər. Ona görə də bu məsələ çox vacibdir ki, "Qarabağ" onları satacaqmı? Satsa, onların yerinə ən azı o səviyyədə və hətta daha güclülərini gətirmək lazımdır. Təbii ki, qapıdan başlayaraq hər mövqeyə Qurban müəllim köməkçiləri ilə birgə axtarışlarını edir. Düşünürəm ki, növbəti mövsüm üçün "Qarabağ"da bir neçə transferin şahidi olacağıq".







Müsahibə