16 iyun 2024. Bazar günü

Ceyhun Rzayev: "Şamaxı" Premyer Liqanı sırf buna görə tərk etmişdi" - MÜSAHİBƏ


Ceyhun Rzayev: "Şamaxı" Premyer Liqanı sırf buna görə tərk etmişdi"  - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, "Şamaxı" futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün çempionu olub. Bu nəticədən sonra klub yenidən Premyer Liqaya vəsiqə əldə edib. 

İdman jurnalisti Ceyhun Rzayev 90deqiqe.Az-a açıqlamasında komandanın gələcək perspektivləri ilə bağlı proqnozlarını bölüşüb. 

"Şamaxı"nın 1-ci liqada çempionluğundan sevindiyini deyən C.Rzayev komandanın ötən mövsüm premyer liqanı tərk etdiyini və cəmi bir mövsüm sonra yenidən qayıtdıqlarını xatırladıb: "Futbolumuzda  gözəl presedent yarandı - 1-ci liqaya düşmək faciə, dünyanın sonu deyil, yenidən ora qayıtmaq olar. Yəni "Qəbələ" də "Şamaxı"nın yolu ilə gedib 1 il sonra elitada yerini bərpa edə bilər. "Şamaxı"nın perspektivinə gəlincə, bu komandanın stadionu var, kollektiv Şamaxıdakı yaxşı otellərin birində qalır, futbolçuların məşq etmək, qidalanma, məskunlaşma problemi yoxdur".

 O, "Şamaxı"nın ötən mövsüm premyer liqanın sırf azərbaycanlı futbolçulardan təşkil olunmasına görə tərk etdiyini söyləyib: "Rəhbərlik strategiya müəyyənləşdirərək legionerlərin xidmətinə ehtiyac duymamışdı. Bu dəfə necə olacaq? Artıq bir dəfə acı təcrübə yaşayıblar. Əcnəbilərsiz rəqabətə tab gətirmək mümkünsüz kimidir. Hesab edirəm, bu dəfə "Şamaxı"nın heyətinə əcnəbilər cəlb olunacaq. Komandanın məqsədi premyer liqada yerini qorumaq olacaq".







Müsahibə