30 noyabr 2024. Şənbə

Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar: Şanslar necə dəyərləndirilir?


Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar:  Şanslar necə dəyərləndirilir?

Xəbər verdiyimiz kimi, Azərbaycanı Avropada 4 klub təmsil edəcək. Belə ki, "Zirə" Avropa Liqasında, "Sumqayıt" və "Sabah" Konfrans Liqasında, Azərbaycan çempionu “Qarabağ” isə Çempionlar Liqasında çıxış edəcək. Mövsümü 5-ci pillədə bitirən "Neftçi" isə avrokuboklara vəsiqə əldə edə bilməyib. 

Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar mübarizəyə nə dərəcədə hazırdırlar? 

İdman jurnalisti Araz Əhmədov 90deqiqe.Az-a açıqlamasında əvvəlcə "Neftçi"nin mövsümü uğursuz başa vurmasından danışıb. O bildirib ki, komandanın avrokuboklara vəsiqə qazanmaması klub adına biabırçılıq, faciədir: "Çünki bu klub “Qarabağ”dan sonra Azərbaycan Premyer Liqasında ikinci ən bahalı heyətə malik komandadır. Belə heyətə malik olan klub üstəlik əcnəbi baş məşqçi ilə avrokuboklara vəsiqə  qazanmırsa, həmin komandanın rəhbərliyi bütöv, tam şəkildə istefa verməlidir. Təkcə baş məşqçini göndərməklə iş bitmir. Burada günah  baş məşqçinin yox, o baş məşqçini gətirən rəhbərliyindir".

“Zirə”, “Sabah” və “Sumqayıt” komandalarının hazırkı durumundan danışan A.Əhmədov onların içərisində avrokuboklar üçün ən hazırlıqlı komandanın “Sabah” olduğunu söyləyib: "Çünki Krunoslav Renduliçin gəlişi ilə bu komanda həqiqətən baxımlı futbol oynayır və 3-4 mövqe üzrə transfer etməklə avrokuboklara hazır gedə bilər".

A.Əhmədov həmçinin bildirib ki, “Sumqayıt”ın da heyətində yaxşı futbolçular var. Onun sözlərinə görə, komandanın baş məşqçisi də artıq uzun müddətdir ki, klubda çalışır və avrokuboklarda heyətini gücləndirərsə, nəsə əldə edə bilər: "Amma “Zirə” ilə bağlı məsələ bir az fərqlidir. Çünki “Zirə” UEFA Konfrans Liqasında yox, avroliqada mübarizə aparacaq. Avroliqada mübarizə aparmaq isə daha güclü rəqiblərlə üz-üzə gəlmək deməkdir. Təəssüflər olsun ki, “Zirə”nin  bugünkü oyunu və heyəti ümid vermir. Yəni “Zirə” ola bilər ki, bu gün avrokuboklara vəsiqə qazandı, Avropa liqasında çıxış edəcək və Azərbaycan kubokunun finalında oynayacaq. Amma bütün bunları müdafiə futbolu ilə, primitiv oyunla əldə edib. Belə oyunla, belə futbolla avrokuboklarda nəsə əldə etmək, nəyəsə ümid etmək qeyri-mümkündür. Əgər komanda bu oyun dəst-xəttini dəyişməsə, heyətində yeni futbolçular olmasa, yenilənməsə, avrokubokların  elə ilk turundaca uğursuzluğa düçar olacaq”.







Müsahibə