20 iyun 2024. Cümə axşamı

“Annanın bu uğuru gənclərə stimul verəcək” - Qılıncoynatma Federasiyası


 “Annanın bu uğuru gənclərə stimul verəcək”  - Qılıncoynatma Federasiyası

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Baştanın Parisdə keçiriləcək yay olimpiya oyunlarında iştirakı üçün Beynəlxalq Qılıncoynatma Federasiyası tərəfindən universal lisenziya göndərilib.
Universal lisenziyasının məhz Azərbycan təmsilçisinə göndərilməsi əlbəttə təkcə idmançının deyil, federasiyanın da uğuru hesab edilə bilər.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat katibi Kənan Hakimov 90deqiqe.Az-a açıqlamasında deyib ki, burada həmçinin Azərbaycan Qılıncoynatma Federasiyasının Beynəlxalq Qılıncoynatma Federasiyası ilə etibarlı tərəfdaş olması da mühüm rol oynayıb. O bildirib ki, bununla yanaşı Olimpiya hərəkatında fəal iştirak, gender bərabərliyi, yəni Azərbaycanda qızların bu idman növünə cəlb olunması istiqamətində atılan addımlar da bu seçimə öz təsirlərini göstərib:

“Bizim qadın sablyaçılardan ibarət milli komandamız hazırda dünya reytinqində ilk onluqdadır. Qadın sablyaçılarımızın komanda növündə də lisenziya qazanmaq şansları aprelə kimi, yəni son olimpiya təsnifat dövrünə kimi qalırdı. Təbii ki, komandamızın beynəlxalq turnirlərdə qazandığı nəticələr həm böyüklərdə, həm yeniyetmələrdə, həm də gənclərdə bu idmana marağı artırır, onlara stimul verir.  Məsələn, Zərifə Hüseynova Azərbaycan idmanı tarixində ilk dəfə yeniyetmə və gənc qılıncoynadanların dünya birinciliyində bürünc, ardınca gümüş medal qazanmışdı. Məşqçilərimiz də beynəlxalq səviyyəli kurslarda iştirak edirlər. Yəni bu idman növünün kütləviləşməsi, inkişafı sahəsində mühüm addımlar atılır”.
Federasiya sözcüsü həmçinin vurğulayıb ki, ölkə üzrə qılıncoynatma ilə məşğul olanların sayında nəzərəçarpacaq artım var. Onun sözlərinə görə, qılıncoynatma bölmələri tək Bakı ilə məhdudlaşmır, Sumqayıtda da geniş bir zal mövcuddur: “Biz düşünürük ki, Zərifə Hüseynovanın timsalında yeni nəsil qılıncoynadanların formalaşmasına da bir stimul olacaq, təkan verəcək. Məsələn, Anna ilk başda zala gələndə, məşq edəndə sosial şəbəkə səhifəmizə uşaqlar tərəfindən onunla görüşmək üçün kifayət qədər mesajlar yazılırdı. Bizim rəsmi səhifəmizdə də həmin video var. Yəni onlarla uşaq Annayla görüşür, avtoqraf alır. Olimpiadaya vəsiqə qazanmaq həm də qılıncoynatma ilə məşğul olanların sayında da artıma əhəmiyyətli dərəcədə təsir göstərməsi baxımından önəmlidir”.

K.Hakimov Anna Baştanın Olimpiya oyunlarına  hazırlığı məsələsindən də danışıb: “Anna Baştaya Parisdə keçiriləcək yay olimpiya oyunlarında iştirak üçün lisenziya verilməsi xəbərini hələ dünən gecə aldıq. Səhər rəsmi press-relizdə rəsmi xəbəri açıqladıq. Yəqin ki, baş məşqçi onun olimpiada ilə bağlı bir hazırlıq planı tərtib edəcək. Çünki elə də böyük bir vaxt qalmayıb”.

 







Müsahibə