- Müsahibə
- 22:18 20.10.2024
Bu gün futzal üzrə Azərbaycan millisinin 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşəcək. Püşkatma saat 14:15-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcək.
Ümumi komandanın hazırlıq durumu ilə bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov 90deqiqe.Az-a açıqlamasında hazırda çempionatın başa çatdığını, bütün futzalcıların istirahətdə olduğunu deyib. O bildirib ki, püşkdə bir neçə gün sonra təqvim müəyyənləşəcək, ondan sonra millinin oyunlara hazırlıq planı tərtib ediləcək: “Təbii ki, milli komandanin standart heyəti olmur. Rəsmi görüşlərə yaxın hansı futzalciı özünü yaxşı tərəfdən göstərirsə, ona da dəvət göndərilir. Yəni millinin qapısı hər bir oyuncu üçün açıqdır, yetər ki, hazırlıq səviyyəsi ora dəvət üçün yetərli olsun”.
Qeyd edək ki, Azərbaycan millisi III səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.
Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.
Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli AVRO-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.