11 dekabr 2024. Çərşənbə

AVF İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov: “İlk velosipedimi yerdən tapdığım pulla almışam” - MÜSAHİBƏ - FOTOLAR


AVF İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov: “İlk velosipedimi yerdən tapdığım pulla almışam”  - MÜSAHİBƏ - FOTOLAR

İdmanın bütün növləri ayrı-ayrılıqda sağlamlıq, fiziki və psixoloji cəhətdən olduqca əhəmiyyətlidir. Elə idman növləri də var ki, onlarla təkcə xüsusi infrastruktur, məkanlar çərçivəsində yox, hər yerdə məşğul olmaq mümkündür. Məsələn, velosiped. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da velosipeddən təkcə idman məqsədilə deyil, qısa səyahət, əyləncə məqsədilə istifadə edənlərə, hətta onu həyatının ayrılmaz hissəsinə çevirən şəxslərə də rast gəlinir. Belə şəxslərdən biri də Vüqar Salahovdur.

Azərbaycan Velosiped Federasiyasının (AVF) İcraiyyə Komitəsinin üzvü Vüqar Salahovun 90deqiqe.Az-a müsahibəsini təqdim edirik.

- Velosiped idman növünə sevginiz necə yaranıb?

- Uşaqlıqdan velosipedlərə çox böyük həvəsim olub. Hətta ilk velosipedimi 5-ci sinifdə oxuyanda yerdən tapdığım pulla almışam. Uşaq olanda bir çox idman növləri ilə məşğul olurdum. Lakin sonradan məndə velosiped idman növünə maraq yarandı. Bu sevgim 1999-cu ildə velosiped idmanı üzrə milli komandaya daxil olmağıma səbəb oldu.

- Siz həm də Azərbaycanda velobizneslə də məşğulsunuz. Sayılıb-seçilən velospied brendlərinin ölkəmizdə, demək olar ki, əsas və yeganə satışını icra edirsiniz. Niyə məhz bu sahə üzrə karyeranızı davam etdirmək qərarına gəldiniz? Bu biznesi qurana qədər hansı çətinliklərə, problemlərlə üzləşdiniz?

- 2001-dən 2007-ci ilə kimi velosiped idmanı üzrə milli komandanın kapitanı olmuşam və bir çox beynəlxalq yarışlarda iştirak etmişəm. Daha sonra velosiped ticarəti ilə məşğul olmağa başladım. 2008-ci ildə ilk dəfə balaca qarajda velosiped təmirinə başladım. İndi isə artıq bir çox məşhur brendlərin rəsmi nümayəndəsiyik. İnsan işini sevməlidir, gördüyü işdən zövq almalıdır. Bu, mənim üçün əyləncə olması ilə yanaşı, həm zövq aldığım, həm də çox sevdiyim işdir. Hər bir sahədə insan sevdiyi işlə məşğul olduqda, düşünürəm ki, çətinliklərin öhdəsindən gələ və nailiyyət əldə edə bilər. İnsan işini sevdikdən sonra gəlir, qazanc da formalaşacaq. Əsas odur ki, sevərək işinlə məşğul olasan.

- Qarşıdakı hədəfləriniz nədir? Brendinizin regionlar üzrə də ofisini açmağı düşünürsünüzmü?

-Təbii ki. Əsas hədəfimiz təkcə velosipedin satışı deyil, həm də cəmiyyətimizin ondan nəqliyyat vasitəsi kimi istifadə etməsinə nail olmaqdır. Bunu təbliğ etməyə çalışırıq. Təbii ki, regionlarda da ofisimizin olmasını istəyərik. Hər halda bunun üçün müəyyən müddət lazımdır.

- Adətən əksər valideynlər övladlarına velosipedi əyləncə məqsədilə alırlar. Bəzən isə sağlamlıq, xüsusən də boy artımı üçün mütəxəssis məsləhəti alınmadan yaşa, çəkiyə uyğun olmayan velosipedlər alınır. Ümumiyyətlə, sağlamlıq, əyləncə və digər məqsədlər üçün nəzərdə tutulan velosipedlər necə və nəyə əsasən seçilməlidir?

- İlk növbədə velosipedlərin ölçüsü düzgün seçilməlidir. Çox adam uşaqlarının böyüyəndə də istifadə edə bilməsi üçün böyük ölçülü velosipedlər almağa üstünlük verirlər. Lakin velosiped seçimi düzgün edilmədikdə dizdə, beldə, oynaqlarda zədələrə gətirib çıxara bilər. Hər sahənin bir mütəxəssisi var. Ona görə də velosiped almazdan öncə yaxşı olardı ki, xüsusi mağazalardan, bu işin peşəkarlarından tövsiyə alsınlar. Məsələn, həkim məsləhəti olmadan dərman aldıqda səhhətdə yarana biləcək mümkün problemlər kimi velosipedlərin də mütəxəssislərdən məsləhət alınmadan əldə edilməsi sonradan bəzi sağlamlıq problemlərini qaçılmaz edir. Ümumiyyətlə, velosipedlərin ölçüsü düzgün seçilməlidir.

- Xarici ölkələrə diqqət yetirdikdə velospiedlərdən nəinki cavanların, hətta onların sayına bərabər və onlardan da çox yaşlıların istifadə etməkdə həvəsli olduqlarını müşahidə edirik. Bizdə isə çox nadir hallarda yaşlı şəxslərin bu vasitədən istifadə etdiyinin şahidi oluruq. Sizcə, bunun əsas səbəbi mentalitetdir, yoxsa yaş?

- Ölkəmizdə son illər velosipedə ciddi şəkildə diqqətin, qayğının artması görünür. Velosipedlər üçün xüsusi yolların salınması da bunun bir göstəricisidir. Artıq bizdə də kifayət qədər yaşlı nəslin nümayəndələri velosipeddən istifadə etməyə başlayıblar. Sadəcə məntalitet məsələlərinə görə cəmiyyətimiz hələ bunu qəbul edə bilmir. Amma son ildə əminliklə deyə bilərəm ki, ölkəmizdə artıq kütləvi şəkildə velosiped sürənlər var. Onun nəqliyyat vasitəsi olması üçün yollar lazım idi. Bu istiqamətdə də işlər gedir. Velosiped zolaqları olduqdan sonra insanlar da saatlarla tıxacda qalmaqdansa, rahat şəkildə, həyatından zövq alaraq velosipedlə istədiyi yerə çata bilər.

- Əksər inkişaf etmiş ölkələrin sakinləri təkcə əyləncə məqsədli deyil, həm də iş yerlərinə belə şəxsi avtomobillərindən deyil, məhz velosipedlə getməyə üstünlük verirlər. Azərbaycanda isə hələlik bu tendensiya bir az fərqlidir, yəni şəxsi avtomobillərə daha çox üstünlük verilir. Bizdə insanların ona daha çox həvəs göstərmələri üçün nə etmək lazımdır? 

- Bu, zamanla formalaşan bir şeydir. Yəni 5 il bundan öncə ümumiyyətlə belə bir şüur, düşüncə yox idi. Hesab edirəm ki, zamanla hər şey öz yerini tapacaq. Ölkəmizdə velosiped sürənlərin sayı və ona olan maraq hər il daha da artır. Mentalitet, düşüncələr dəyişdikcə zamanla insanlar təkcə yayda deyil, bütün fəsillərdə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edəcək.

Ümumiyyətlə, velosiped idmanı həqiqətən də insanı gün boyu enerjili edir. Bununla yanaşı o, insanları pozitiv düşüncədə saxlayır və onlar hər şeyi yaxşı görməyə başlayırlar. Əslində həyatda hər şey gözəldir. Sadəcə insanların baxışları fərqlidir. Hər gün üçün yeni addım atacağımız fürsətlər var. İdman o fürsətləri yaxşı şəkildə dəyərləndirməyə dəstək olur.







Müsahibə