- Müsahibə
- 22:18 20.10.2024
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında Fransa ilə qarşılaşacaq. Buna qədər isə milli Belçika və İtaliya yığmalarını məğlub edərək qrupda liderliyini təmin edib.
İdman jurnalisti Araz Əhmədov 90deqiqe.Az-a açıqlamasında Azərbaycan yığmasının ümumi durumundan, qazandığı nailiyyətlərdən danışıb. O bildirib ki, son illər Azərbaycanda minifutbol inkişaf edir və bu, göz qabağındadır. A. Əhmədovun sölərinə görə, istər milli yığma, istərsə də klublarımız səviyyəsində ölkə çempionatının çox peşəkar formada təşkili, artıq bir çox tanınmış oyunçuların minifutbol üzrə klublarda çıxış etməsi, yarışa rəng qatması bu idman növünə böyük təkan verir: “Əvvəllər biz İtaliya, Fransa, Belçika adını eşitdikdə onlara qarşı millinin böyük hesabla məğlub olacağını düşünərdik. Amma indi minifutbol komandamıza gəldikdə, ondan söz düşəndə artıq belə bir şey düşünmürük. Əksinə adlı-sanlı yığmaların hamısını bu idman növündə udacağımızı fikirləşirik. Çünki artıq minifutbol komandamız bizə o güvəni verib, onlara güvənimizi təmin edib. Ümumiyyətlə, Azəbaycan Minifutbol Federasiyası bu idman növünün inkişafı üçün çox böyük işlər görür. Ona görə də hesab edirəm ki, bu idman növü gələcəkdə daha da inkişaf edərək Azərbaycanda əsas idman növlərindən birinə çevriləcək”.
A.Əhmədov həmçinin Azərbaycan yığmasının bu gün Fransaya qarşı keçirəcəyi oyunu ilə bağlı proqnozlarını da bölüşüb: “Fransayla bügünkü oyuna gəldikdə, düşünürəm ki, milli komandamız bu görüşdə də qalib gəlmək əzmindədir və qalib də gələcək. Futbolçularımıza və məşqçilər korpusuna çox inanıram”.
Qeyd edək ki, Azərbaycan və Fransa minifutbol milliləri matçının start fiti saat 19:00-da səsləndiriləcək.
Bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib. Hazırda komanda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 3 xalla üçüncü, Belçika 1 xalla sonuncu pillədə qərarlaşıb.