20 iyun 2024. Cümə axşamı

Fərid Cəlalov: "Heç bir məşqçi uduzmaq üçün meydana çıxmır" - MÜSAHİBƏ


Fərid Cəlalov: "Heç bir məşqçi uduzmaq üçün meydana çıxmır"   - MÜSAHİBƏ

Kişi voleybolçulardan ibarət milli komandamız Qızıl Avropa Liqasında çıxışını başa vurub. Komandamız Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya, Lüksemburq və Estoniya kollektivləri ilə keçirdikləri görüşlərdən sonra aktivinə 1 xal yazdırıb.

Milli komandanın baş məşqçisi Fərid Cəlalov, turnirdəki çıxışla bağlı 90deqiqe.Az-a müsahibə verib. O, komandanın ümumi çıxışını belə dəyərləndirib:

- Qızıl Avropa Liqasında bəzi komandalara yenilməyimiz sırf təcrübəsizlik səbəbindən oldu. Buna misal olaraq, Lüksemburq və Makedoniya millilərini göstərə bilərəm. Ümumi olaraq, uşaqların canla-başla oynamaqlarına baxmayaraq, həm bizim hazırlıq müddətimizin az olması, həm də yığma komanda yeni toparlandığından belə nəticələr qeydə alındı. 

- Oyunlarda müşahidə etdiyiniz əsas zəif tərəflər nələr idi onları necə aradan qaldırmağı planlaşdırırsınız? 

- Bir çox parametrlərdə çatışmazlığımız var. Bəzən onu pis, bəzən yaxşı şəkildə yerinə yetiririk. O da oyunun avtomatikləşmə məsələsi ilə bağlıdır. Yəni biz, o qədər çox oyunlar oynamalıyıq ki, bu məsələlər düzəlsin.

Məsələn, ən böyük problemimizin blokda olduğunu gördüm. Blokda hər üç oyunçu topu və pasları oxumağı bacarmalıdır. Bu da təcrübəyə dayanır ki, bunu oyunçularımızın bəzilərinin təcrübəli, bəzilərinin isə təcrübəsiz olması ilə əlaqələndirirəm.

- Komandanın, xüsusilə, hansı texniki taktiki aspektlərini gücləndirməyi düşünürsünüz? 

- Komandada taktiki olaraq heç bir problemimiz yoxdur. İlk altılıq bəllidir, ehtiyatda olan oyunçular da birinci heyətin əvəzləyicisi olan oyunçularımızdır.

Texniki cəhətdən çatışmazlıqlara gəldikdə, blok və servislərdə biraz çətinlik çəkirik. Stabil servislər yerinə yetirə bilmədik. Yəni texniki olaraq problemlərimiz bundan ibarətdir.

- Məğlubiyyətlərdən sonra komandanın motivasiyasını necə yüksək tutursunuz? 

Heç bir komanda istəməz ki, uduzsun və heç bir məşqçi də uduzmaq üçün meydana çıxmır. Oyundan sonra komandanın motivasiyası pozulsa da, çalışdıq ki, məşqçi heyəti olaraq uşaqları toparlayaq. Yəni qarşımızda yeni oyunlar var. İstər Avstriya, istərsə də Belçika ilə oyunda, yüksək oyun göstərməyə çalışacağıq.

- Gələcək turnirlər üçün konkret hədəfləriniz nələrdir bu hədəflərə çatmaq üçün hansı addımları atmağı planlaşdırırsınız? 

Qarşımızda Avropa çempionatının seçmə mərhələsi dayanır. Bilirsiniz ki, Belçika və Avstriya komandaları ilə qarşılaşacağıq ki, hər ikisi yetərincə təcrübəli komandalardır.

Belçikanın ikinci heyəti ilə qarşılaşıb, onlara məğlub olduq. Bu dəfə isə birinci heyət ilə mübarizə aparacağıq. Ümumiyyətlə, oynadığımız oyunlar və qarşıdakı 2 oyun, xüsusilə gənc oyunçuların yetişməsi üçün yaxşıdır. Belə oyunlar nə qədər çox oynasaq, gənclər yetişər və Azərbaycan voleyboluna yeni töhfələr verərlər.

- Son olaraq, milli komanda ilə klub komandasının məşqçilik məsuliyyətlərini necə balanslaşdırırsınız?

- "Murov Az Terminal" klubundan ayrılmışam, digər təklifləri gözləyirəm. Hələ ki, bu haqda danışmaq istəmirəm. Yeni təkliflər olduqda, bu barədə ətraflı məlumat verəcəm.







Müsahibə