- Müsahibə
- 22:18 20.10.2024
Ötən günlərdə "Səbail" legionerlərindən bir neçəsi ilə yollarını ayırıb. Bu gün isə daha bir neçə futbolçunun komandanı tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb. Ayrılıqlara əsas səbəb kimi isə paytaxt təmsilçisinin büdcəsinin azaldılması göstərilir. Legionerlərin “Səbail” ilə yollarını ayırması klubun gələcək performansına necə təsir göstərəcək?
İdman jurnalisti Mehman Süleymanov 90deqiqe.Az-a açıqlamasında deyib ki, mövsüm bitəndən sonra əsas diqqət mərkəzində olan klublardan biri məhz "Səbail" idi. O bildirib ki, bu klub yaxşı büdcəyə malik olsa da, iki mövsümdür ki, komanda turnir cədvəlində aşağılarda qərarlaşdı və avrokuboklara vəsiqə qazana bilmədi: “Bundan sonra komandanın büdcəsinin xeyli azalacağı və baş məşqçinin kim olacağı böyük sual doğururdu. Büdcələrinin azaldığı məlum olsa da, komanda baş məşqçi ilə yollarını ayırmamaq qərarına gəldi. Yəni Şahin Diniyevlə yeni müqavilə imzalandı. Amma hədislərə nəzər salsaq artıq 3 futbolçu ilə komanda yollarını ayırıb. Onlar kapitan Ağabala Ramazanov və vitse-kapitanlar Adil Nağıyev və qapıçı Səlahət Ağayevdir. Onların hər üçü təcrübəli futbolçu idi. Xüsusilə də Ağabala və Səlahət, mənə görə, komandanın ən yüksək ödənişli futbolçularından idilər. Bu ayrılıqlar onu göstərir ki, komandanın büdcəsində əməlli fərq var. Artıq mətbuatda komandanın, demək olar ki, bütün legionerlərlə yollarını ayırması ilə bağlı müxtəlif xəbərlər yayılır. Hər halda keçən yay gəlmiş legionerlər ucuz legionerlər deyildilər və onlar keyfiyyətli oyunları ilə də göstərdilər ki, Azərbaycan futbolu üçün səviyyəli, bacarıqlı leginerlərdirlər”.
“Səbail”in yeni transferlər də etdiyini xatırladan M.Süleymanov söyləyib ki, bəzi futbolçularla müqavilələr uzadılıb: “Hələ ki yeganə transfer Fərid Nəbiyevdir. Hansı ki qardaşının-Yusif Nəbiyevin yanına gəldi. Yusif özü də müqaviləsini uzatdı. Eyni zamanda komanda Samir Abdullayevlə də müqaviləsini uzatdı. Yəni belə gedişat göstərir ki, "Səbail" növbəti mövsüm qarşısına yüksək hədəflər qoya bilməyəcək və daha çox premyer liqada qalmaq haqqında düşünəcək. Büdcənin azalması, həyətin zəifləməsi bunu deməyə əsas verir".
Qeyd edək ki, "Səbail" bir neçə gün öncə kapitan Ağabala Ramazanov və vitse-kapitan Adil Nağıyevlə vidalaşdığını açıqlayıb.