20 iyun 2024. Cümə axşamı

“Nə qədər ki uşaq futbolunda xaos hökm sürəcək, futbolçularımızdan uğur gözləməyə dəyməz” - ŞƏRH


“Nə qədər ki uşaq futbolunda xaos hökm sürəcək, futbolçularımızdan uğur gözləməyə dəyməz”   - ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılacaq. 

İdman jurnalisti Araz Əhmədov baş tutacaq qarşılaşma və millinin durumu ilə bağlı fikirlərini 90deqiqe.Az-la bölüşüb. O təəssüf hissi ilə deyib ki, Qazaxıstan yığması ilə də görüşə komandamızı hələ ki Arif Əsədov çıxaracaq. O bildirib ki, çünki yığmamızda baş məşqçi postu boşdur: “Arif Əsədov müvəqqəti baş məşqçidir. İstər oyunçu seçimi, istərsə də oyun baxımından yığmamız hal-hazırda çox acınacaqlı bir durumdadır. Bunun da səbəbi var. Bir daha deyirəm, komandamız başsızdır. Komandamızın kimlə necə oynayacağı bəlli deyil. Arif Əsədovun özü belə burada qalıb-qalmayacağını bilmir. Ola bilər ki, yeni gələcəyi deyilən əcnəbi baş məşqçi Arif Əsədovu heç köməkçi kimi də yanında saxlamasın. Belə olan təqdirdə baş məşqçisiz normal oyunçu seçimi olmayan yığma komandanın hansısa uğurundan danışmaq mümkünsüzdür”.
A.Əhmədov həmçinin Azərbaycan millisnin uğursuz seriyasından və bunun kökündə duran əsas məqamlardan da danışıb: “Ümumiyyətlə, Azərbaycan yığması, Azərbaycan futbolunda problemlər dedikdə yenə də həmişə olduğu kimi uşaq futbolu yada düşür. Nə qədər ki Azərbaycanda uşaq futbolunda xaos hökm sürəcək, nə qədər ki AFFA uşaq futboluna lazımi diqqət ayırmayacaq Azərbaycan yığmasından, Azərbaycan futbolçularından uğur gözləməyə dəyməz. Bəli, müvəqqəti, yalançı qələbələr ola bilər ki, bizi aldatsın. Bir müddət həmin qələbələrin fonunda hər şeyi unudaq. Amma yenə deyirəm, bunlar yalançı, müvəqqəti qələbələr olacaq”.

Qeyd edək ki, “Haladaş” İdman Kompleksinin stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Bens Çonka olacaq.

Xatırladaq ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.







Müsahibə