- Müsahibə
- 22:18 20.10.2024
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb. Bu barədə qərar milli assosiasiyanın onlayn formatda keçirilən iclasında qəbul edilib. Bildirilib ki, prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.
Portuqaliyalı mütəxəssisin gəlişi ilə milli dirçələcək?
İdman jurnalisti Mehman Süleymanov 90deqiqe.Az-a açıqlamasında deyib ki, gedişat millimizin yeni baş məşqçisinin əcnəbi olacağını göstərdi. O bildirib ki, daha çox Slovakiyalı mütəxxəsis Vladimir Vayssın adı hallansa da, onunla razılıq əldə olunmadı: “Açıq deyək, gözlənilməz, sürpriz bir təyinat oldu. Çətin ki, kimsə Fernando Santuş kimi tanınmış, təcrübəli mütəxəssisi millimizin baş məşqçi postuna gələcəyini gözləyə bilərdi. Əlbəttə, onun vizit vərəqəsində əsas məsələ Portuqaliya milli komandasına Avropa çempionluğunu qazandırmasıdır. Amma unutmayaq ki, həmin Portuqaliya millisində ulduzlar və neçə ildir ki, dünyanın ən yaxşı futbolçusu olan, hələ də qocalmaq bilməyən Kriştiano Ronaldo var idi. Onun kapitanlığı ilə Portuqaliya bu tarixi nəticəyə imza atdı. Amma təbii ki bizim milli komandayla Portuqaliyanə müqayisə etmək düzgün deyil, heç müqayisənin yeri də yoxdur. Santuş tam başqa bir səviyyədə yığma ilə çalışacaq. Nəyi bacaracağını görəcəyik. Hər halda Fernando Santuşun son vaxtlar məşqçi karyerası da elə də uğurlu olmayıb. Məsələn, o, keçən mövsüm “Beşiktaş”a baş məşqçi təyin olunsa da, heç mövsümün sonuna kimi qalmadı, bir neçə aylıq baş məşqçi oldu. Zaman hər şeyi göstərəcək”.
M.Süleymanov indiki halda milli komandayla əcnəbi mütəxəssisin uğur qazanmasının çətin məsələ olduğunu deyib: “Çünki gərək səndə o potensial olsun. Mən indiki məqam üçün fikirlərimdə bildirmişəm ki, daha çox yerli mütəxəssislərə üstünlük verilməlidir. Hər halda Arif Əsədovun dönəmində olan matçlar, xüsusilə də son oyun göstərdi ki, ab-hava da yaxşıdır. Arif müəllim də neçə ildir ki, millinin daxilində idi. Heç olmasa Arif müəllimin bu komanda da qalmasını arzulayıram. Çünki o hər halda incəlikləri daha yaxşı bilir və Fernando Santuşa lazımi köməkliklərini göstərə bilər. Çünki tam tərkiblə əcnəbi mütəxəssis olsa, bu çətin məsələ olacaq. Hər halda yerli mütəxəssis, xüsusilə də neçə ildir millidə olan mütəxəssisin Santuşun əsas köməkçilərindən biri olması vacibdir”.
Qeyd edək ki, Santuş Portuqaliya millisini ilə Avropa çempionu və Millətlər Liqasının qalibi olub.