2 noyabr 2024. Şənbə

“Digər təmsilçilərimizlə müqayisədə “Sabah”ın bəxti gətirmədi” - ŞƏRH


“Digər təmsilçilərimizlə müqayisədə “Sabah”ın bəxti gətirmədi”   - ŞƏRH

Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan təmsilçilərindən "Sabah" İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə, "Sumqayıt" isə "Fehervar" (Macarıstan) kollektivi ilə,qarşılaşacaq. Avropa Liqasında mübarizəyə 1-ci mərhələdən başlayacaq “Zirə” isə Moldova “Şerif”ini sınağa çəkəcək. Həmçinin Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri məlum olub. Belə ki, UEFA Çempionlar Liqasında II təsnifat mərhələsindən mübarizəyə başlayacaq Ağdam təmsilçisi “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. 

İdman jurnalisti Gündüz Abbaszadə 90deqiqe.Az-a açıqlamasında Azərbaycan komandalarının hazırkı durumu və rəqiblərini adlamaq şansları ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, “Sumqayıt”ın digərlərinə nisbətən daha uyğun rəqiblə qarşılaşacağını söyləmək olar. Lakin o qeyd edib ki, “Sumqayıt”ın Avrokubok təcrübəsi çox azdır: “Bundan başqa komandanın büdcəsi də o qədər yüksək deyil. Təbii ki, bu cütün favoriti Macarıstan təmsilçisi “Fehervar”dır. Amma “Sumqayıt” sürpriz edə bilər. Azərbaycan təmsilçisinin az da olsa şansı var və bu şansdan yararlanmağa çalışacaqlar”. 
G. Abbaszadə “Zirə”nin isə mümkün rəqiblər arasında ən təcrübəlisi ilə qarşılaşacağını deyib: “Düzdü, “Şerif” sonuncu dəfə Moldova çempionu olmağı bacarmayıb. Amma buna rəğmən hesab edirəm ki “Zirə”nin işi heç də asan olmayacaq. “Şerif” toparlanmağa, avrokuboklarda uğurlu olmağa çalışacaq. Mən Moldova futbolunu izləyən biri kimi deyə bilərəm ki, indiki “Şerif” əvvəlkilərdəkindən heç də zəyif deyil. Əmin olun ki, “Zirə”ni çox ağır, çətin iki qarşılaşma gözləyir. Lakin Azərbaycan komandasının şansları da var. Amma nəzərə alaq ki, büdcəsi “Zirə”dən qat-qat artıq olan, heyətində bir çox legionerlərin yer aldığı bir komandadan danışırıq. “Şerif”in heyətində cəmi 4-5 yerli futbolçu oynayır, qalan hamısı əcnəbilərdən təşkil olunmuş bir komandadır. Bu klub Çempionlar Liqasının qrup mərhələsində, Avropa Liqasında, eləcə də Konfrans Liqasında mübarizə aparıb Yəni Azərbaycan futbolu üçün “Qarabağ” nədirsə, Moldova futbolu üçün də “Şerif” odur. Bu baxımdan “Zirə”nin işi çox çətin olacaq”.

Püşkdə bəxti gətirməyən komandanın “Sabah” olduğunu deyən G.Abbaszadə təəssüf hissi ilə söyləyib ki, belə bir güclü rəqiblə üz-üzə gələcəklər: “Amma ümidim çox böyükdür. Komandanın mövsümün sonuna yaxın xorvatiyalı mütəxəssis Krunoslav Renduliçi baş məşqçi postuna təyin etməsi,komandanın avrokuboklara vəsiqə qazanması ümid verir. İsrail komandaları ilə bir qayda olaraq oyunlarımız alınmır, çətin keçir. Bu baxımdan ən ağır iş “Sabah”ındır. Yalnız komandaların son oyunları ərəfəsində futbolçuların son vəziyyətləri haqqında məlumat aldıqdan sonra dəqiq nəsə deyə bilərik. İndidən ehtimal etmək bir az çətindir”.

İdman jurnalisti həmçinin UEFA Çempionlar Liqasında II təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri ilə şanslarını dəyərləndirib: “Qarabağ”la bağlı bəziləri deyir ki, püşk baxımından komandanın bəxti gətirib. Amma unutmayaq ki, “Qarabağ” son 10 ildə əldə etdiyi nəticələrlə bunu haqq edib. Komanda qazandığı reytinq sayəsində ilk mərhələlərdə aşağı reytinqli klublarla qarşılaşır. Bu baxımdan “Qarabağ”ın işi rahat kimi görünür. Amma nəzər almaq lazımdır ki, “Qarabağ” start oyunlarda əziyyət çəkir. Mütləq şəkildə diqqətli və ehtiyatlı olmaq lazımdır. Rəqiblərə çox ciddi yanaşmaq lazımdır. Bunun da ciddiyətini əminəm ki, Qurban Qurbanov və komandası anlayacaq. Fürsətdən istifadə edib bütün komandalarımıza uğurlar arzulayıram”.







Müsahibə