4 noyabr 2024. Bazar ertəsi

Giorgi Kantariya: "Biz bütün oyunlara yüksək motivasiya ilə hazırlaşırıq"


Giorgi Kantariya: "Biz bütün oyunlara yüksək motivasiya ilə hazırlaşırıq"

Misli Premyer Liqasında I dövrəyə yekun vuruldu. “Şamaxı” çempionatda yaranan fasilə ərəfəsində səfərdə “Səbail”ə məğlub oldu.

“Şirlər”in gürcü legioneri Giorgi Kantariya komandasının məğlubiyyəti, qarşıdakı hədəflərlə  bağlı 90deqiqe.Az-a müsahibə verib.

IX turda “Səbail”ə məğlub olduz, oyunla bağlı fikirlərin maraqlıdır...

“Səbail” səfərinə uğurlu nəticə üçün gəlmişdik. Əsas motivasiyamız məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək idi. Meydan sahibləri də ardıcıl məğlubiyyətdən sonra qələbəyə ac idi. Qısası bizi ağır matç gözləyəcəyini bilirdik. Hər iki tərəf istəkliydi. Nə qədər yaxşı mübarizə aparmağa çalışsaq da, xırda detallarda səhvlərə yol verdik və bunun qurbanı olduq. Düşünürəm ki, bu məğlubiyyətdən dərs çıxarıb, irəlidəki qarşılaşmalara daha ciddi hazırlaşmalıyıq. 

“Səbail” futbolçuları sənə qarşı təzyiq göstərir, sərt oynayırdılar, zədə almadın? 

Düzdü, rəqib oyunçular bir qədər sərt oynadılar, amma zədələnmədin. Sadəcə yorğunam. Yığmanın oyunu ilə bağlı 3 günlük istirahət verildi, artıq yorğunluğu arxada qoymuşam. Fasilədən maksimum yararlanaraq II dövrəyə hazırlaşmalıyıq.

II dövrəyə hansı motivasiya ilə hazırlaşırsız?

Biz bütün oyunlara yüksək motivasiya ilə hazırlaşırıq. Məqsədimiz mübariz oyunla maksimum irəli getməkdir. Çox mehriban, döyüşkən kollektivimiz var, bunun sayəsində bu mövsüm diqqət çəkən oyunla yaxşı nəticələr qazanacağımıza inanıram.

ABDULLA İSMAYILOĞLU







Müsahibə