24 noyabr 2024. Bazar günü

Alsan Kərimov: “Yığmanın potensialı düzgün qiymətləndirilməlidir”


Alsan Kərimov: “Yığmanın potensialı düzgün qiymətləndirilməlidir”

“Slovaklarla oyunda sistem dəyişilməz qalsa da, heyətdə rotasiyalar yer verilmişdir. Amma fərqlilik qələbə üçün kifayət etmədi”.

Bu sözləri 90deqiqe.Az–a açıqlamasında yığmanın sabiq üzvü Aslan Kərimov deyib.

Veteran futbolçu oyunun gedişatındakı nöqsanlar, üstünlüklər və Mahir Emrelinin qırmızı vərəqə alması haqqında da danışdı:

“Seçməmiz oyuna pis başlamadı. İlk dəqiqələrdən yaxşı pressinq tətbiq edirdik. Hətta beşli müdafiə ilə oynamağımıza baxmayaraq, 3 mərkəz müdafiəçilər, əsas da Bədavi Hüseynov dayaqyarımmüdafiçi kimi də “qara işlər”i öz üzərinə götürür, rəqibdən topa almağa da çalışırdı. Zatən qol vurmağımızda müdafiəçinin xidməti oldu. Ümumi götürəndə slovaklar 70 dəqiqə ərzində hücumda dominantlığı ilə seçilmədi. Onlara demək olar boşluq vermirdik. Sadəcə Mahir Emrelinin qırmızı vərəqə gördükdən sonra azlıqda olmağımızdan qonaqlar təzyiqi artırdı və iki qol vurmağa müyəssər oldular. Toral Bayramov iki oyundu qol vurur. Amma dünənki matçda onun üç 100 %-li qol imkanları oldu, cəmi birini qola çevirə bildi. Toral daxil, bütün futbolçular anlamalıdırlar ki, əllərinə düşən fürsətləri maksimum istifadə etməlidirlər. Mahir Emreli xeyli vaxtdır zədəyə görə kənarda qalmışdı. Onu uzun zamandan sonra ilk dəfəydi start heyətində gördük. “10 nömrə” çox istəkliydi. Amma reallıq odur ki, Mahir hazırda formada olmadığından 90 dəqiqə meydanda olmaq iqtidarında deyil. Həmçinin futbolçu ilk yarıda sarı vərəqə almışdı. Bunu Fernandu Santuş nəzərə alıb, Mahiri fasilədən sonra əvəzləməliydi. Amma portuqaliyalı mütəxəssis nədənsə çox tolerant yanaşaraq onu meydanda bir xeyli saxladı. Qırmızı vərəqədən sonra yığmanın oyun planı pozuldu. Rəqib də bundan maksimum istifadə etdi. Mehdi Cənnətov Estoniya və Slovakiyaya qarşı matçlar “əlcək sahib”inin ən zəif oyunlarını keçirdi. “Sumqayıt”ın qolkiperi yaxşı fiziki göstəricilərə, o cümlədən boya sahibdir. Amma göstəricilərindən yetəri qədər istifadə edə bilmədi. Düşünürəm ki, qapıçı düzgün mövqe seçsə və vaxtında reaksiya versəydi ikinci qolun qarşısını almaq olardı. Ramil Şeydayev haqqında da eyni sözləri demək olar. O, yaxşı futbol məktəbi keçib, daha kreativ çıxış etmək üçün potensialı var. Amma görünən odur ki, hazırda üzərində az işləyir və formada deyil. Qısası yığmamızın daha yaxşı çıxış etmək potensialı var. Sadəcə bu potensialı doğru qiymətləndirmək və düzgün istiqamətləndirmək lazımdır”.

ABDULLA İSMAYILOĞLU  







Müsahibə