24 noyabr 2024. Bazar günü

Arif Əsədov: “Onu bir hissədən çox oynatmaq riskli idi”


Arif Əsədov: “Onu bir hissədən çox oynatmaq riskli idi”

“Hər iki oyunda milli komanda ilk yarıda yaxşı çıxış etsə də, fasilədən sonra oyunları alınmır”.

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında yığmanın sabiq məşqçisi Arif Əsədov bildirib.

Futbol mütəxəssisi ölkənin əsas komandasının taktiki gedişatından, ələ düşən fürsətləri boşa verməkdən və Mahir Emrelinin çıxışı haqqında da danışıb:

“Şəxsi qənaətim budur ki, ilk dəqiqələrdən beşli müdafiə oynamağı başa düşülən olsa da, oyunun gedişatında daha az müdafiəçiylə çıxış etmək olardı. Estoniya ilə matçda yığma beşli müdafiəçi xətdinə sadiq qaldı, amma slovaklarla oyunun ikinci hissəsində dördlü müdafiə ilə oynadıq. Hesabı dəyişmək lazım gəldikdə mütləq irəlidə çoxalmaq və maksimum hücumlar təşkil etmək lazımdır. Acı reallıqdan biri də odur ki, futbolçularımız ələ düşən qol imkanlarından maksimum istifadə edə bilmir. Xeyli vaxtdan sonra Mahir Emrelini yenidən start heyətində görmək sevindiri haldır. Amma onu bir hissədən çox oynatmaq riskli idi. Mənim düşüncəm budur ki, ikinci hissənin əvvəlində Mahir Emreli əvəzlənməliydi.Amma baş məşqçi nədənsə fərqli düşüncədəydi. Mahir ikinci sarı vərəqə alıb meydandan qovulduqdan sonra rəqib təşəbbüsü ələ aldı. Zatən heyətində güclü futbolçuların yer aldığı Slovakiya seçməsinə 11-liklə oynamaq çətindi, azlıqda qaldıqda isə işimiz bir qədər də çətinləşdi. Say üstünlüyü və səviyyə fərqi oyunun son 20 dəqiqəsində özünü göstərdi. Təəssüflər olsun ki, yenə xal üzünə həsrət qaldıq. Məğlubiyyətlərə rəğmən futbolçularımız son saniyəyə kimi əzmkarlıq göstərir, döyüşür. Sadəcə çəkdikləri əziyyətlərini hələlik müsbət sonluqla tamamlaya bilmirlər. Amma pessimizmə qapılmamalıyıq. Hazırkı heyətlə yavaş-yavaş da olsa, tərəqqi etmək mümkündür”.

 

ABDULLA İSMAYILOĞLU  







Müsahibə