24 noyabr 2024. Bazar günü

Adil Nağıyev: "İrəli baxmalı və maksimum nəticəyə köklənməliyik"


Adil Nağıyev: "İrəli baxmalı və maksimum nəticəyə köklənməliyik"

Misli Premyer Liqasında ilk dövrəyə yekun vurulması və yığmanın oyunları ilə əlaqədar yaranan fasiləylə "Şamaxı"ın kapitanı Adil Nağıyevlə söhbət etmək qərarına gəldik.

Müdafiəçi 90deqiqe.Az -a son oyundakı məğlubiyyət və qarşıdakı oyunlarla danışdı. 

- Son oyunda heç də yaxşı günlərini yaşamayan "Səbail"ə məğlub olduz. Bu barədə kapitan kimi fikirlərin maraqlıdır...

- "Səbail"ə məğlub olmaq üçün gəlməmişdik. Məqsədimiz uğurlu seriyanı davam etdirmək idi. Amma alınmadı. Məğlub olsaq da, pis çıxış etdiyimizi düşünmürəm, xüsusilə də ilk yarıda yaxşı oynadıq. Sadəcə əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. 

- 5 oyun idi ki, məğlub olmurduz. Bu hal futbolçularda arxayınlıq yaratmışdımı? 

- Uğurlu nəticələr davam edəndə bəzən futbolçularda rahatlıq yaranır. Ona görə də düşünmək olar ki, bir qədər rahatçılıq və arxayınçılığa yol verdik. Amma hesabı öz xeyrimizə dəyişmək üçün çox çalışdıq. İkinci hissədə komanda yoldaşımız Konatenin qırmızı vərəqə alması da vəziyyətimizi çətinləşdirdi. Qısası bəxtimiz gətirmədi. Bu da futbolun bir hissəsidir. 

- Sənin başçılıq etdiyin müdafiə xətdini ilk dövrədə necə xarakterizə edərdin? 

- Ümumi götürəndə arxa xətdə maksimum etibarlı olmağa çalışırıq. Mövsümdə hələki az top buraxan komandalardanıq. Əlbəttə ki, "Səbail" ilə oyunda boşluqlara yol verdik və qapımızda iki qol gördük. Çox istərdik ki, ilk dövrəni müsbət notlarla tamamlayaq. Lakin alınmadı. 

- İkinci dövrəylə bağlı planlarınız nədir? 

- Biz hər turda mübariz oyun sərgiləyib, maksimum nəticə göstərmək istəyirik. "Səbail" ilə son oyundakı məğlubiyyətimizi analiz edib, ikinci dövrəyə daha yaxşı hazırlaşacağıq. Hazırda yığmanın matçları ilə bağlı fasilədi və bundan maksimum istifadə etməklə "Araz-Naxçıvan"la oyuna hazırlaşırıq. İrəli baxmalı və maksimum nəticəyə köklənməliyik.

ABDULLA İSMAYILOĞLU







Müsahibə